
Rusiya 2019-cu ildə Türkiyəyə satdığı S-400 zenit-raket komplekslərini geri alaraq üçüncü ölkəyə satmaq niyyətindədir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin “Nəfəs” nəşri məlumat yayıb.
Mətbuatın məlumatına əsasən, hazırda Moskvada göndərilməyə hazır heç bir sistem yoxdur. Ehtiyatdakı bütün S-400-lər Rusiyanın öz ordusu tərəfindən istifadə olunur.
Türkiyənin isə S-400 komplekslərinə tələbatı hər il azalır. Ankara özünün milli hava hücumundan müdafiə sistemi – “Çelik Kubbe” (“Polad Günbəz”) layihəsini inkişaf etdirir. Bundan əlavə, S-400 NATO sisteminə inteqrasiya olunmur, raketlərin istismar müddəti isə artıq yarıya çatıb və texniki xidmətə ehtiyac var.
Xatırladaq ki, Türkiyə Rusiyadan 2,5 milyard dollara iki S-400 batalyonu alıb. Müqavilə 2017-ci ildə imzalanın, tədarüklərə isə 2019-cu ildə başlanılıb. Bu alış ABŞ-nin sərt reaksiyasına səbəb olub, Ankara CAATSA qanunu çərçivəsində sanksiyalara məruz qalıb və F-35 qırıcı proqramından çıxarılıb.
Hazırda Türkiyə ABŞ-dən F-16 qırıcılarının alınması və modernləşdirilməsi ilə bağlı danışıqlar aparır. Həmçinin Ankara F-35 layihəsinə geri qayıtmağa ümid edir. Bu şəraitdə S-400 sistemlərinin Rusiyaya qaytarılması məsələsi də gündəmə gələ bilər.