
“ABŞ-nin Avropadakı NATO müttəfiqləri ABŞ Prezidenti Donald Trampın Polşada PUA insidentinə səssiz reaksiya verməsindən narahatdırlar”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi avropalı diplomatlara istinadən məlumat yayıb.
Avropada Trampın səssiz reaksiyası onun Avropa ölkələrinin öz təhlükəsizliklərini təmin etməli olduğunu nəzərdə tutan “Öncə Amerika” siyasətinin növbəti təzahürü kimi şərh edilib.
“Bu epizod Trampın Franklin Ruzveltdən sonrakı digər prezidentlərdən fərqli olaraq Avropa təhlükəsizliyini ABŞ təhlükəsizliyinin mərkəzi elementi hesab etmədiyini vurğulayır”, - ABŞ-nin NATO-dakı keçmiş daimi nümayəndəsi (2009-2013) İvo Daalder deyib.
Agentliyin həmsöhbətləri qeyd ediblər ki, əvvəllər oxşar hadisələr Vaşinqtonun dərhal reaksiyasına səbəb olardı.Həmsöhbətlərin sözlərinə görə, avropalı siyasətçilər Amerika prezidentinin bəyanatlarını “məyusluq”, “çaşqınlıq” və hətta “narahatlıqla” qarşılayıblar.
Agentliyin İtaliyadan olan həmsöhbəti qeyd edib ki, NATO ölkələrinin əksəriyyəti ABŞ-nin insidentlə bağlı reaksiyasına mənfi reaksiya verib, lakin Vaşinqtonu açıq şəkildə tənqid etməkdən yayınıb.
Xatırladaq ki, sentyabrın 10-da Rusiyanın 20-yə yaxın pilotsuz təyyarəsi Polşa ərazisinə daxil olub. Buna cavab olaraq Polşa və onun NATO müttəfiqləri qırıcı təyyarələri havaya qaldırdı. Pilotsuz təyyarələrin bəziləri vuruldu - bu, ilk dəfədir ki, Rusiya pilotsuz təyyarələri NATO ərazisi üzərində vurulur.