Neftimizi 72 dollara xaricə satırıq, Rusiyadan isə 65 dollara neft alırıq


Bu ilin ilk 8 ayı ərzində magistral neft kəmərləri ilə 24 milyon 566,5 min ton neft nəql edilib.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, nəqletmənin 74,7 faizi və ya 18 milyon 356,5 min tonu Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.
Dövr ərzində BTC kəməri ilə nəql edilən neftin 84,3 faizini və ya 15 milyon 469 min tonunu Azərbaycanda hasil edilən neft, 15,7 faizini və ya 2 milyon 887,5 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Məlumat üçün bildirək ki, bu ilin ilk 7 ayında BTC ilə nəql olunan xam neftin 16,4 faizi və ya 2 milyon 645,9 min tonu Türkmənistan və Qazaxıstan nefti olub.
Onu da qeyd edək ki, BTC ilə Türkmənistan və Qazaxıstan neftinin nəql olunduğu açıqlansa da, Dövlət Gömrük Komitəsi bu ilin ilk 7 ayında Azərbaycanın yalnız Qazaxıstan, Rusiya və İraqdan neft idxal etdiyini açıqlayıb. Belə ki, Azərbaycan bu ilin yanvar-iyul aylarında Qazaxıstandan 41,7 min ton, Rusiyadan 692,7 min ton, İraqdan isə 365,1 ton neft idxal edib.
Açıqlanan məlumatlardan belə görünür ki, Azərbaycanın Ruisyadan idxal etdiyi xam neft ölkə daxilində istifadə olunur.
Qeyd edək ki, bu ilin ilk 7 ayında Azərbaycanın ixrac etdiyi xam neftin bir barelinin orta gömrük dəyəri 72,2 dollar olub. Eyni dövürdə Rusiyadan idxal etdiyi xam neftin bir barelinin orta gömrük dəyəri isə 65,2 dollar olub.
Xatırladaq ki, Azərbaycan nefti – “Azeri Light” çox yüngül və az kükürdlü (≈0,15% kükürd) olduğu üçün dünya bazarında keyfiyyətli sayılır və “premium” markalı neft kimi baha satılır. Rusiya nefti – “Urals” isə daha ağır və kükürd tərkibi yüksək (≈1,5–1,8% kükürd) olduğu üçün qiyməti “Azeri Light”dan ucuzdur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top