Dünya tarixində ilk: Albaniyada süni intellekt “nazir” təyin edildi


Albaniyada dördüncü səlahiyyət müddətinə başlamağa hazırlaşan Baş nazir Edi Rama bildirib ki, alban dilində "günəş" mənasını verən Diella hökumətin müxtəlif layihələr üçün özəl şirkətlərlə müqavilə bağladığı bütün dövlət tenderlərini idarə edəcək.
Yeniavaz.com
“The Economic Times”ə istinadən xəbər verir ki, Albaniyada dövlət satınalmalarını idarə edəcək yeni “nazir” rüşvət, təhdid və ya rəğbət qazanma cəhdlərinə dözməyəcək. Bunun səbəbi isə Diellanın süni intellekt tərəfindən yaradılan bot olmasıdır.
"Diella fiziki olaraq mövcud olmayan, lakin faktiki olaraq süni intellekt tərəfindən yaradılan ilk kabinet üzvüdür", – deyə Rama yeni kabinetinin açılışında çıxışı zamanı vurğulayıb. Baş nazirin sözlərinə görə, Diella Albaniyanı “dövlət tenderlərinin 100% korrupsiyadan azad olduğu ölkəyə” çevirməyə kömək edəcək.
Qeyd edək ki, Albaniyada dövlət müqavilələrinin verilməsi uzun illərdir korrupsiya qalmaqallarının əsas mənbələrindən biri sayılır. Ekspertlərin fikrincə, Balkan ölkəsində tenderlər çox vaxt narkotik və silah qaçaqmalçılığından gələn pulların yuyulması üçün vasitəyə çevrilib.
Bu təşəbbüs Rama hökumətinin 2030-cu ilə qədər Albaniyanın Avropa Birliyinə daxil olmasını hədəfləyən planlarının bir hissəsidir. Lakin siyasi analitiklər bunu olduqca iddialı addım kimi qiymətləndirirlər.
Hökumət hələlik Diellanın fəaliyyətinə hansı səviyyədə insan nəzarətinin tətbiq olunacağı, yaxud botun manipulyasiya edilmə ehtimalı barədə açıqlama verməyib.
Diella ilk dəfə bu ilin əvvəlində “e-Albaniya” platformasında süni intellektlə işləyən virtual köməkçi kimi fəaliyyət göstərməyə başlayıb. O, ənənəvi alban geyimində vətəndaşlara səsli əmrlərlə yardım edir, dövlət sənədlərini elektron möhürlərlə təqdim edir və bürokratik gecikmələri minimuma endirir.
Bununla belə, ictimaiyyətin münasibəti birmənalı deyil. Sosial şəbəkələrdə bir istifadəçi belə yazıb: “Albaniyada hətta Diella da korlanacaq”. Digəri isə qeyd edib: “Oğurluq davam edəcək və günah Diellanın üzərinə atılacaq”.
Yeni seçilən parlamentin may ayında toplanması nəzərdə tutulur. Lakin hökumətin həmin gün səsə qoyulacağı və seçilib-seçilməyəcəyi hələ dəqiq məlum deyil.

DİGƏR XƏBƏRLƏR

Top