Rusiyada ikinci “Borodino döyüşü” – Çovdar böhranı dərinləşir


Rusiyada çovdar istehsalı son onilliklərin ən aşağı səviyyəsinə düşüb.
Yeniavaz.com
xəbər verir ki, 2024-cü ildə Rusiyada cəmi 1,166 milyon ton çovdar yığılıb və bu 1990-cı illə müqayisədə 10 dəfə azdır.
Ekspertlərin sözlərinə görə, 2025-ci ildə istehsal daha da azalaraq təxminən 1 milyon tona enəcək.
Əkin sahələrinin daralması və məhsuldarlığın aşağı olması qiymətlərə birbaşa təsir edib. Çovdarın topdansatış qiyməti son iki ildə 80 faizdən çox bahalaşıb. Çovdar unu və çörəyin qiymətləri də sürətlə artır. Sentyabrın 5-də çovdar ununun bir tonu 20 945 rubla (419 manat) satılıb ki, bu da ötən illə müqayisədə 16 faiz çoxdur. Çovdar çörəyinin pərakəndə qiyməti isə bir kiloqram üçün 96 rublu (1,9 manat) keçib.
Fermerlər çovdar əkinini azaltmaqda davam edirlər. Bunun əsas səbəbi buğda və qarğıdalının daha çox məhsul verməsi və bazarda baha satılmasıdır. Çovdarın qiyməti nisbətən aşağı olduğundan fermerlər üçün gəlirli hesab edilmir.
Ekspertlər bildirirlər ki, yaxın illərdə çovdar çörəyi əvvəlki kimi gündəlik məhsul olmayacaq. Çörəyin qiyməti isə ən azı 10–15 faiz artacaq.
Beləliklə, həm kənd təsərrüfatındakı çətinliklər, həm də istehlakçı davranışlarının dəyişməsi Rusiyada çovdarın tədricən bazardan yox olmasına gətirib çıxarır.
Qeyd edək ki, son illərə kimi çovdar unundan bişirilən qara çörək Rusiyada olduqca populiyar olub. Rusiyada məşhur olan Borodino çörəyi əsasən çovdar unundan bişirilən qara çörək növüdür. Çörəyin adının 1812-ci ildə baş verən Borodino döyüşü ilə əlaqəli olduğu bildirilir. Ənənəyə görə, bu çörək döyüşdə həlak olan əsgərlərin xatirəsinə bişirilməyə başlanılıb. Borodino çörəyi həm dadına, həm də tərkibindəki lif və faydalı maddələrə görə Rusiyanın ən tanınam milli çörək növlərindən biridir.
Onu da qeyd edək ki, Azərbaycanda çovdar ununu əsasən Rusiyadan idxal edir. Bu ilin ilk 7 ayında Rusiyadan 4 min 284,57 ton buğda və çovdar unu idxal edilib ki, bunun da bir kilqramının orta gömrük dəyəri 0,38 dollar (0,65 manat) olub. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə Rusiyadan bulikindən təxminən 3 dəfə çox –  15 min 335,16 ton buğda və çovdar unu idxal edilib ki, bunun da bir kilqramının orta gömrük dəyəri 0,28 dollar (0,48 manat) olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top