
Sentyabrın 2-dən 8-dək olan dövr ərzində Rusiyada benzinin qiymətləri əvvəlki həftə ilə müqayisədə 0,55% artıb.
Yeniavaz.com “Rosstat”a istinadən xəbər verir ki, bu, avqustun 26-dan sentyabrın 1-dək qeydə alınan 0,30%-lik artımdan sonra daha kəskin bahalaşmadır.
Ümumilikdə, ilin əvvəlindən sentyabrın 8-dək Rusiyada benzin 7,21% bahalaşıb. Bu göstərici eyni dövrdəki ümumi inflyasiya səviyyəsini (4%) 1,5 dəfədən çox üstələyib.
Avqustda yanacaqdoldurma məntəqələrində benzin iyul ayına nisbətən 1,81% bahalaşıb. Daha əvvəl iyulda 1,37%, iyunda 0,66%, mayda 0,29%, apreldə 0,6%, martda 0,55%, fevralda 0,51%, yanvarda isə 0,62% artım qeydə alınıb. Ötən ilin avqustuna nəzərən bu ilin avqustunda benzin qiymətləri 11% yüksəlib.
Sentyabrın 8-ə Rusiyada bir litr benzinin orta qiyməti 62,61 rubl (1,25 manat) təşkil edib (1 sentyabrda – 62,27 rubl). Markalar üzrə qiymətlər belədir:
Aİ-92 – 59,35 rubl (bir həftə əvvəl 59,01 rubl);
Aİ-95 – 64,78 rubl (64,42 rubl);
Aİ-98 – 85,04 rubl (84,87 rubl).
Dizel yanacağı da bahalaşma tendensiyasına qoşulub. Avqustun son həftəsində qiymətlərdə 0,07% azalma müşahidə edilsə də, sentyabrın 2-dən 8-dək dizelin orta qiyməti 71,73 rubla yüksələrək (əvvəl 71,52 rubl) 0,29% artım göstərib. İlin əvvəlindən dizel qiymətləri ümumilikdə 2,33% bahalaşıb.
Qeyd edək ki, 2024-cü ildə də benzin qiymətləri 11,13% artaraq, illik inflyasiya göstəricisini (9,52%) üstələmişdi.
Məlumat üçün bildirək ki, bu ilin ilk yarısında Azərbaycan Rusiyadan 39 milyon dollar dəyərində 46 min ton “Aİ-95”, 49 milyon dollar dəyərində 64,8 min ton “Ai-92” markalı benzin idxal edib.
Açıqlanan məlumatlardan belə görünür ki, Azərbaycan “Aİ-92” markalı benzinin bir litrini Rusiyadan 96 qəpiyə, “Aİ-95” markalı benzinin bir litrini isə Rusiyadan 1 manat 7 qəpiyə alıb.
Lakin “Rosstat”ın açıqladığı məlumatlardan belə görünür ki, hazırda Rusiyada daxili bazarda satılan benzin Azərbaycana ixrac edilən benzindən bahadır.
Elnur Əli