
Fransada hökumətin iqtisadi siyasətinə qarşı “Hər şeyi bloklayın” şüarı altında kütləvi etirazlar başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Məlumata görə, Parisdə etirazçılar Millət Meydanına (“Place de la Nation”) gələrək, zibil qablarını yandırıblar.
800-ə yaxın etirazçı barrikadalar quraraq, paytaxtın dairəvi yolunu bağlayıb.
Hazırda polis onların qarşısını almağa çalışır.
Marselin mərkəzində isə bir neçə yüz insan toplaşıb və küçələri zibil qabları ilə bağlayıb.
Tuluzada da etirazçılar meydanlara çıxıb. Polis etirazçıları dağıtmaq üçün səs bombalarından istifadə edib.
Ölkənin bir sıra böyük şəhərlərində - Lion, Nant və Renndə də kütləvi etirazlar gözlənilir.
Fransa şəhərlərinin küçələrində iğtişaş təhlükəsi ilə əlaqədar 80 min asayiş keşikçisinin yerləşdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, etirazlara hökumətin sosial-iqtisadi siyasətinə qarşı artan narazılıq, o cümlədən qiymət artımı və həyat səviyyəsinin aşağı düşməsi səbəb olub.
Etirazlar keçmiş baş nazir Fransua Bayrunun büdcə planına etiraz etmək üçün sosial mediada başlayan “Hər şeyi bloklayın” etiraz hərəkatının bir hissəsi kimi keçirilir.