
Nepalda etirazçılar ölkə prezidenti Ram Çandra Paudelin iqamətgahına girərək onu yandırıblar.
Yeniavaz.com xəbər verir ki. bu barədə NDTV telekanalı məlumat yayıb.
Telekanalın sosial şəbəkələrdən yaydığı görüntülərdə nümayişçilərin prezident evini necə dağıtdığı görünür.
Digər tərəfdən, etirazçılar Nepalın paytaxtı Katmanduda bir neçə siyasətçinin, o cümlədən Nepal Kommunist Partiyasının sədri Puşpa Kamal Dahalın, rabitə və informasiya texnologiyaları naziri Prithvi Subba Qurunqun və daxili işlər naziri Rameş Lexakın iqamətgahlarını yandırıblar.
Sentyabrın 9-da etirazçılar Nepalın Katmanduda parlament binası qarşısında toplaşaraq hökumətin istefasını tələb ediblər. Etirazçılar təkərləri yandırıb, nəqliyyatın hərəkətinə mane olublar. Hakimiyyət paytaxtda qeyri-müəyyən komendant saatı tətbiq edib.
Qeyd edək ki, sentyabrın 8-də Katmanduda minlərlə nümayişçinin hökumətin sosial media və mesajlaşma proqramlarını məhdudlaşdırmaq qərarına və korrupsiyaya qarşı etiraz etdiyi “Z nəslinin inqilabı” adlı etiraz aksiyası keçirilib. Etirazçılar əsasən gənclərdən ibarət olub. “India Today” telekanalının məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları xidməti silah, su şırnaqları və gözyaşardıcı qazdan istifadə ediblər. Aksiya zamanı 19 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Etiraz aksiyaları ölkənin bir sıra digər böyük şəhərlərində də keçirilib.
Xatırladaq ki, sentyabrın 4-də Nepal hökuməti müəyyən olunmuş müddətdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində qeydiyyatdan keçməyən “Facebook”, “Instagram”, “WhatsApp” və digər sosial şəbəkələrə məhdudiyyətlər qoyub. Sentyabrın 9-da hakimiyyət məhdudiyyətləri aradan qaldırıb.
Tətbiqimizi yükləyə bilərsiniz