
Boks üzrə keçmiş dünya çempionları Mayk Tayson və kiçik Floyd Meyvezer arasında döyüş keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Mayk Tayson “X” sosial şəbəkə səhifəsində məlumat verib.
Tayson bununla bağlı Meyvezerlə müqavilə imzalandığını bildirib.
Onun sözlərinə görə, bu döyüş 2026-cı ildə baş tutacaq.
Qeyd edək ki, 48 yaşlı Meyvezer 27-si nokautla olmaqla 50 döyüşdə qalib gəlib. O, peşəkar boksda heç bir döyüşdə məğlub olmayıb. O, beş çəki dərəcəsində dünya çempionu olub və 1996-cı il Olimpiadasında bürünc medal qazanıb. Meyvezer 2017-ci ildə peşəkar boksdan ayrılıb.
Peşəkar karyerasını bitirdikdən sonra Meyvezer bir neçə sərgi döyüşü keçirib. O, bu döyüşlərdə kikboksçu Tenşin Nasukava, MMA döyüşçüsü Mikuru Asakura və blogerlər Loqan Pol, Don Mur, Oladeji Olatunci, Aaron Çalmers və Con Qotti ilə qarşılaşıb.
Taysonun isə 59 yaşı var. Onun peşəkar rinqdə 44-ü nokautla olmaqla 50 qələbəsi və 7 məğlubiyyəti var. Amerikalı ağır çəkidə mütləq dünya çempionu olub, Ümumdünya Boks Şurasının, Ümumdünya Boks Assosiasiyasının və Beynəlxalq Boks Federasiyasının kəmərlərini alıb. Tayson peşəkar karyerasını 2005-ci ildə başa vursa da, 19 il sonra keçmiş dünya çempionunun məğlubiyyəti ilə nəticələnən bloger Ceyk Polla döyüş üçün rinqə qayıdıb.
Tətbiqimizi yükləyə bilərsiniz