
Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 1 milyon 585 min 265 ədəd minik avtomobili olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, son bir il ərzində minik avtomobillərinin sayı 5,5% və ya 83 min 308 ədəd artıb.
Qeyd edək ki, ölkədəki bütün minik avtomobillərinin 42,2%-i və ya 668 min 497 ədədi paytaxt Bakının payına düşüb.
Bakıdan sonra ən çox minik avtomobili Sumqayıtda qeydiyyatda olub. Bu şəhərdə 54 min 517 ədəd minik avtomobili olub.
Azərbaycanda 20 min ədəddən çox minik avtomobilinin olduğu 13 şəhər və rayon olub. Belə ki, Gəncə şəhəri (52 597 ədəd), Abşeron (30 814 ədəd), Şəmkir (30 768 ədəd), Ağdam (30 449 ədəd), Masallı (25 315 ədəd), Cəlilabad (23 770 ədəd), Tovuz (23 742 ədəd), Lənkəran (23 077 ədəd), Şəki (23 007 ədəd), Xaçmaz (22 391 ədəd), Bərdə (21 214 ədəd), Füzuli (20 934 ədəd) və Quba (20 273 ədəd) rayonlarında 20 min ədəddən çox minik avtomobili qeydiyyatda olub.
Sayı 5 min ədəddən az olan minik avtomobillərinin olduğu şəhər və rayonların sıralaması isə belə olub: Naftalan şəhəri (1 300 ədəd), Xızı (1 531 ədəd), Xocavənd (1 984 ədəd), Xocalı (2 484 ədəd), Siyəzən (3 611 ədəd), Daşkəsən (4 005 ədəd), Şuşa (4 129 ədəd), Yardımlı (4 482 ədəd) və Qobustan (4 732 ədəd) rayonları.
Onu da bildirək ki, Azərbaycanda minik avtomobillərinin qeydiyyatda olmadığı cəmi 2 şəhər və rayon olub. Rəsmi məlumata görə Xankəndi şəhəri ilə Ağdərə rayonunda bir ədəd də olsun minik avtomobili qeydiyyatda olmayıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz