
Ukraynada Kiyev vilayətinin Fastiv şəhərində ata və oğul güllələnib.
Yeniavaz.com Ukrayna mətbuatına istinadla xəbər verir ki, hadisə nəticəsində 28 yaşlı gənc dünyasını dəyişib, atası isə ağır yaralanıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, hücum edən şəxslə ata və oğul arasında münaqişə baş verib. Bundan sonra şübhəli şəxs yaşadığı ünvana gedərək silahı götürüb və mübahisə etdiyi şəxslərin yanına qayıdıb. O, sözügedən şəxslərə bir neçə dəfə atəş açıb.
“Hadisəni xidmətdən kənarda olan Fastiv rayon polis idarəsinin profilaktika şöbəsinin rəisi görüb. O, dərhal atəş açan şəxsi saxlayıb və yaralılar üçün təcili yardım çağırıb. Hadisə nəticəsində 28 yaşlı zərərçəkən xəstəxanada ölüb, atasına isə tibbi yardım göstərilib.
Polis 53 yaşlı hücumçunu həbs edib”, - Ukrayna mətbuatı yazır.
Azərbaycan KİV-də isə güllələnən ata-oğulun azərbaycanlı olduğuna dair məlumatlar yayılıb.
Bildirilir ki, onlar – İsmayıl Rəhimov və atası Fərman Rəhimov İsmayıllı rayonun sakinləri olublar və uzun müddətdir Ukraynada yaşayırlar. Hadisə ticarət mübahisəsi zəminində baş verdiyi iddia olunur.