
Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 1411 nəfərə çatıb, 3124 nəfər yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Taliban” sözçüsü Həmdullah Fitrat bildirib.
“Kunar vilayətində ölənlərin ümumi sayı 1411 nəfərə, yaralananların sayı 3124 nəfərə, dağılmış evlərin sayı isə 5412-ə çatıb”, - deyə Fitrət “X” sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, zərər çəkmiş bütün ərazilərdə xilasetmə əməliyyatları davam edir.
*** 11:56
Əfqanıstanın şərqində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1100-ü keçib.
Yeniavaz.com “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə Əfqanıstan Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
Məlumata görə, təbii fəlakət nəticəsində 1124 nəfər ölüb, 3251 nəfər yaralanıb, 8 mindən çox ev dağılıb.
Digər tərəfdən, “TOLOnews” xəbər verir ki, Əfqanıstanın şərq əyalətlərində axtarış-xilasetmə əməliyyatları davam edir. Məlumata görə, yüzlərlə insan hələ də dağıntılar altındadır.
Qeyd edək ki, bundan əvvəl Əfqanıstan Milli Fövqəladə Halların İdarə Olunması İdarəsinin nümayəndəsi Yusaf Hammad zəlzələ nəticəsində 900-dən çox insanın öldüyünü, 3000-dən çox insanın yaralandığını bildirmişdi.