
“Bakı Metropoliteni” QSC aylıq və birsəfərlik gediş haqqı kartlarının tətbiqini nəzərdən keçirir.
Yeniavaz.com “Report”a istinadla xəbər verir ki, bunu qurumun sədrinin müşaviri Emil Əhmədov bildirib.
“Müxtəlif sosial qruplara münasibətdə xüsusi yanaşmalar nəzərdə tutulur. Tələbələr, sosial yardıma ehtiyacı olan insanlar və digər həssas qruplar üçün ayrıca güzəştli şərtlərin tətbiqi müzakirə mövzusudur. Aylıq və birdəfəlik gediş kartları və digər alternativ yanaşmalar nəzərdən keçirilir. Dünyada məsafədən asılı olaraq fərqli tarif modelləri tətbiq olunur. Bir çox ölkələrdə sərnişinlər qət edilən məsafəyə uyğun olaraq ödəniş edirlər. Azərbaycanda da bu istiqamətdə müəyyən müzakirələr aparılır”, - deyə o qeyd edib.
Metro rəsmisi xatırladıb ki, qurumun tariflərin tənzimlənməsi ilə bağlı hər hansı bir səlahiyyəti yoxdur.
“Daim bu istiqamətdə müzakirələr aparılır. Sərnişindaşıma tarifləri ilə bağlı hər hansı dəyişiklik ictimaiyyətə əvvəlcədən açıqlanacaq”, - deyə o əlavə edib.
Xatırladaq ki, bir müddət əvvəl iqtisadçı-ekspert Allahverdi Aydın ictimai nəqliyyatda gediş haqqı tariflərinin diferensiallaşdırılması məsələsi ilə bağlı Yeniavaz.com-a açıqlama verib.
Tətbiqimizi yükləyə bilərsiniz