
Böyük “Apple” təqdimatı sentyabrın 9-da, Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq.
Yeniavaz.com xəbər verir ki, tədbir zamanı “Apple” “iPhone 17” seriyasından olan smartfonları, “Apple Watch Series 11” və “Apple Watch Ultra 3” smart saatlarını, həmçinin 3-cü nəsil “AirPods Pro”nu təqdim etməlidir.
Şayiələrə görə, sentyabr hadisəsinin diqqət çəkən məqamı o qədər də populyar olmayan “Plus” ailəsini əvəz edəcək “iPhone 17 Air” olacaq. Smartfonun əsas xüsusiyyəti rekord naziklik olacaq - mənbələr bu rəqəmin 5,5 mm olduğunu bildirir.
Öz növbəsində “iPhone 17 Pro / 17 Pro Max” altı ildən sonra dizaynı ilə təəccübləndirəcək. Artıq künc blokundan fərqli olaraq, yeni modul arxa panelin bütün eni boyunca uzanacaq. Linzaların yeri dəyişməyəcək, lakin flaş və LiDAR sağ kənara keçəcək.
Həmçinin tədbir çərçivəsində “Apple” iOS 26, “watchOS 26” və digər əməliyyat sistemlərinin buraxılış tarixini açıqlayacaq.