Gələn ildən özəl sektorda işləyənlərin əməkhaqqısı 159 manat azala bilər


Azərbaycanda neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət (özəl) sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən (əməkhaqqı) tutulan vergi 2026-cı ilin yanvarın 1-dən dəyişəcək.
Yeniavaz.com
xəbər verir ki, hazırda qüvvədə olan qanuna görə, əməkhaqqısı 8000 manata kimi olanlardan vergi tutulmur.
8000 manatdan yuxarı əməkhaqqı alanlardan isə 14% vergi tutulur. 2026-cı ilin yanvarın 1-dən isə əməkhaqqının 2500 manatadək hissəsindən 14%, ondan çox olan hissəsindən isə 25% vergi tutulacaq.
Qeyd edək ki, bu ilin iyul ayının 1-ə olan sonuncu məlumata görə Azərbaycanda özəl sektorda 906 min 662 muzdlu işçi çalışır. Onların çox az hissəsi, təxminən 12 min nəfəri neft-qaz sahəsində fəaliyyət göstərir.
Bu isə o deməkdir ki, yanvar ayının 1-dən sonra özəl sektorda işləyən 900 minə yaxın işçinin əməkaqqısında ən azı 14% azalma olacaq.
Açıqlanan sonuncu məlumata görə özəl sektorda muzdlu işçilərin orta aylıq əməkhaqqı 1 133 manat təşkil edir. Əgər, yanvar ayının 1-nə kimi vergi dərəcələri ilə bağlı yeni dəyişiklik olmasa, gələn ilin ilk ayından etibarən işçilərin orta aylıq əməkhaqqında təxminən 159 manat (1133x14/100=158,6) azalma olacaq.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top