
ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri Prezident Donald Trampın ilk prezidentliyi dövründə (2016-2020) milli təhlükəsizlik üzrə köməkçisi olmuş Con Boltonun Merilend ştatının Betesda şəhərindəki evinə basqın edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “New York Post” (NYP) qəzetinə adının çəkilməsini istəməyən Ağ Ev nümayəndəsi məlumat verib.
O bildirib ki, istintaq gizli sənədlərlə bağlıdır və hazırda Boltonun evində axtarış aparılır. Qeyd olunub ki, proses bir neçə il əvvəl başladılsa da, sabiq prezident Co Baydenin administrasiyası onu “siyasi motivlərlə” dayandırıb.
Axtarışlarla bağlı məlumatı “Reuters” agentliyi də təsdiqləyib.
“Qanundan yuxarı heç kim ola bilməz. FTB agentləri öz işlərini görürlər”, – xəbərlər yayıldıqdan sonra FTB direktoru Keş Patel bildirib.
Qeyd edək ki, 2020-ci ildə Bolton Ağ Evdəki fəaliyyətinə dair xatirələrini dərc edərkən dövlət sirri təşkil edən məlumatları açıqlamaqda ittiham olunurdu.