Bakı Baş Səhiyyə Mərkəzi eyni bina üçün 13% daha çox icarə haqqı ödəyəcək


Bakı Baş Səhiyyə Mərkəzi Zeynalov Natiq Vahib oğluna məxsus qeyri-yaşayış sahəsini icarəyə götürüb.
Yeniavaz.com
xəbər verir ki, Bakı Baş Səhiyyə Mərkəzi Natiq Zeynalov ilə satınalma müqaviləsi imzalayıb və binanın bir illik icarəsi üçün 586 min 46 manat 52 qəpik ödəniləcək.
Qeyd edək ki, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1M ünvanında yerləşən və Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən icarəyə götürülən bina inzibati mərkəz kimi istifadə ediləcək.
Məlumat üçün bildirək ki, Bakı Baş Səhiyyə Mərkəzinin icarəyə götürdüyü binada daha əvvəl Dövlət İmtahan Mərkəzi fəaliyyət göstərirdi. DİM 2015-ci ildən 2022-ci ilin iyun ayına kimi Natiq Zeynalova məxsus binada fəaliyyət göstərib. Qeyd olunan tarixdən sonra isə həmin binanı Bakı Baş Səhiyyə Mərkəzi icarəyə götürüb. Bakı Baş Səhiyyə Mərkəzinin bu bina üçün ödədiyi icarə haqqı 2022-ci ildə 516 min 279 manat 12 qəpik olub. Göründüyü kimi, binanın icarə haqqı 2022-ci illə müqayisədə 13,5% artıb.
Onu da bildirək ki, Bakı Baş Səhiyyə Mərkəzinin icarəyə götürdüyü və eyni zamanda DİM-in 7 il fəaliyyət göstərdiyi binanın DİM sədri Məleykə Abbaszadənin yaxınlarına məxsus olduğu bildirilir. Daha əvvəl, bu barədə DİM-ə sorğu ünvanlasaq da, sualımıza cavab ala bilməmişik.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top