
Hindistanın Cammu şəhərində polis ayağına yazılı qeyd bağlanmış göyərçini “saxlayıb”.
Yeniavaz.com “The Indian Express”ə istinadla xəbər verir ki, həmin qeyddə yerli dəmiryolu stansiyasının partladılması ilə bağlı göstəriş olub.
Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, quş avqustun 18-i axşamı Pakistanla sərhəd xəttinə yaxın Katmaria bölgəsində tutulub. Urdu və ingilis dillərində yazılmış qeyddə “Kashmir Freedom” (“Kəşmir azadlığı”) və “Time has come” (“Vaxt yetişib”) ifadələri yer alıb, həmçinin partlayıcı qurğu ilə stansiyanı partlatmaq barədə göstəriş verilib.
Mənbələrin sözlərinə görə, bu, təlimatın məhz göyərçin vasitəsilə göndərildiyi ilk haldır.
“Pakistan tərəfi bundan əvvəl də müxtəlif mesajlarla şarlar, bayraqlar və quşlar buraxıb”, - mənbə bildirib.
“Mütəxəssislər ehtimal edirlər ki, göyərçin xüsusi olaraq belə mesajlar çatdırmaq üçün öyrədilmiş ola bilər. Onlar vurğulayırlar ki, bu cür hallara hakimiyyət orqanları maksimum ciddiliklə yanaşmaq məcburiyyətindədir”, - nəşr yazır.
Qeyd olunub ki, təhlükəsizlik qurumları tədbirləri gücləndiriblər. Bildirilir ki, stansiyanın və dəmiryolu xətlərinin qorunmasına kinoloqlar və mina axtaran mütəxəssislər cəlb olunub, polis isə yüksək hazırlıq rejiminə keçib.
Xatırladaq ki, oxşar hadisə Hindistanda ötən il də baş vermişdi. Mumbayda “casus” olmaqda şübhəli bilinən göyərçin “saxlanılmış”, daha sonra onun “casus” olmadığı ortaya çıxmışdı.