
ABŞ Prezidenti Donald Tramp vəzifəyə başladıqdan sonra 100 milyon dollardan çox istiqraz alıb.
Yeniavaz.com “Reuters”ə istinadən xəbər verir ki, ABŞ Hökumət Etikası İdarəsinin avqustun 12-də açıqladığı maliyyə sənədlərinə əsasən, prezident Donald Tramp yanvarın sonunda vəzifəyə başladıqdan bəri 100 milyon dollardan çox dəyərində istiqraz alıb.
Sənədlərdə 600-dən artıq əməliyyatın aparıldığı qeyd olunur. Hərçənd ki, alışların dəqiq məbləğləri göstərilməsə də, diapazonlar üzrə məlumat verilib.
Trampın aldığı istiqrazlar arasında “Citigroup”, “Morgan Stanley”, “Wells Fargo”, “Meta”, “Qualcomm”, “The Home Depot”, “T-Mobile” və “UnitedHealth Group” kimi iri korporasiyaların emissiyaları yer alır. Bundan başqa, o, hökumət və bələdiyyə istiqrazlarına da sərmayə qoyub. Bu istiqrazları şəhərlər, əyalətlər, mahallar, məktəb dairələri və hətta qaz xidmətləri buraxıb.
Ekspertlərin sözlərinə görə, prezidentin portfelində administrasiyasının siyasətindən birbaşa faydalana biləcək aktivlər mövcuddur.
Tramp hərçənd bizneslərinin idarəsini övladlarının etibarına buraxdığını açıqlayıb, iyun ayında təqdim etdiyi illik bəyannamə bu aktivlərdən gəlirlərin hələ də şəxsən ona çatdığını göstərib. Bu isə potensial maraqlar toqquşması ilə bağlı yeni suallar doğurub.