“Azərbaycanla əldə olunan razılaşma Ermənistanın İranla dəmir yolu əlaqəsini açacaq”


“Azərbaycanla əldə olunan razılaşma Ermənistan və İran arasında dəmir yolu əlaqəsini açacaq”.
Yeniavaz.com
xəbər verir ki, bunu İrəvanda İran prezidenti ilə birgə brifinqdə Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, Ermənistanın Azərbaycanla əsas razılaşmalarından biri bölgədə kommunikasiya yollarının bərpası ilə bağlıdır:
“Praktikada bu, Ermənistan və İran arasında dəmir yolu əməkdaşlığı üçün yeni imkanlar açacaq, o cümlədən Naxçıvan–Culfa dəmir yolu xətti vasitəsilə. Bu, İrana Ermənistanla dəmir yolu çıxışı, nəticə etibarilə isə Qara dənizə çıxış imkanı təmin edəcək”, – deyə o bildirib.
İran Prezidenti Məsud Pezeşkiyan isə deyib ki, Qafqazda sülh onun ölkəsi üçün strateji əhəmiyyət daşıyır.
Xatırladaq ki, avqustun 8-də ABŞ-nin paytaxtı Vaşinqtonda Azərbaycan və Amerika Birləşmiş Ştatlarının prezidentləri, həmçinin Ermənistanın baş nazirinin iştirakı ilə “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətni paraflanıb.
Həmin görüşün nəticələrinə dair imzalanan Birgə Bəyannamədə qeyd olunub ki, Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) – Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcək.

DİGƏR XƏBƏRLƏR

Top