
“Sünik bölgəsindən (Zəngəzur – red.) keçən marşrutun təhlükəsizliyini üçüncü ölkə deyil, Ermənistan qüvvələri təmin edəcək”.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu İrəvanda İran Prezidenti Məsud Pezeşkianla danışıqlardan sonra mətbuata açıqlamasında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, Azərbaycanla əsas razılaşmalardan biri regionda kommunikasiya yollarının bərpasına aiddir.
“Ermənistan ərazisindən keçən rabitə marşrutları Ermənistanın müstəsna yurisdiksiyasında olacaq, təhlükəsizliyi hər hansı üçüncü ölkə deyil, Ermənistan tərəfi təmin edəcək”, - Paşinyan deyib.
Xatırladaq ki, avqustun 8-də ABŞ-nin paytaxtı Vaşinqtonda Azərbaycan və Amerika Birləşmiş Ştatlarının prezidentləri, həmçinin Ermənistanın baş nazirinin iştirakı ilə “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətni paraflanıb.
Həmin görüşün nəticələrinə dair imzalanan Birgə Bəyannamədə qeyd olunub ki, Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) – Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcək.