
Ukrayna ABŞ-dən təhlükəsizlik zəmanəti müqabilində 100 milyard dollarlıq silah almağa hazırdır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Financial Times” Kiyevin ABŞ Prezidenti Donald Trampa təqdim etdiyi və avropalı müttəfiqlərlə bölüşdüyü sənədlərə istinadən məlumat yayıb.
Sənədlərdə qeyd olunur ki, Ukrayna Rusiya ilə sülh razılaşmasına nail olunduqdan sonra ABŞ istehsalı olan silahların alınmasına dair öhdəlik götürəcək. Bu alışların Avropa ölkələri tərəfindən maliyyələşdirilməsi planlaşdırılır.
Bundan əlavə, ABŞ və Ukrayna 50 milyard dollar dəyərində pilotsuz uçuş aparatlarının (PUA) istehsalı ilə bağlı müqavilə imzalamağı nəzərdə tutur. Lakin həmin müqavilənin hansı hissəsinin satınalma, hansı hissəsinin isə investisiya xarakteri daşıyacağı hələlik məlum deyil.
Məlumata görə, Kiyev ABŞ istehsalı olan ən azı 10 ədəd “Patriot” hava hücumundan müdafiə sistemini almaq istəyir. Tramp isə bu barədə suallara cavab olaraq bildirib: “Biz heç nə vermirik. Silah satırıq”.
Ukrayna tərəfi vurğulayır ki, sülh yalnız güclü təhlükəsizlik təminatları ilə mümkündür və heç bir ərazi güzəşti nəzərdə tutulmur.
Xatırladaq ki, avqustun 15-də Donald Tramp və Vladimir Putin Alyaskada görüşüb, daha sonra ABŞ Prezidenti Kiyevi münaqişənin nizamlanması üçün razılaşmaya gəlməyə çağırıb. ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff isə bildirib ki, sözügedən təminatlar NATO-nun 5-ci maddəsinə uyğun olacaq və Rusiyanın Avropada yeni hərbi iddialardan imtinasını qanuni şəkildə təsbit edəcək.
Avqustun 18-də Tramp Ukrayna Prezidenti Volodimir Zelenski, Avropa liderləri ilə görüşlər keçirib, Putinlə də telefonla danışıb. O, yaxın vaxtlarda Zelenski və Putinlə üçtərəfli görüş təşkil etməyi planlaşdırdığını açıqlayıb.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz