
ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında Alyaskada keçiriləcək görüş Moskva vaxtı ilə saat 22:30-da (Bakı vaxtı ilə saat 23:30) başlayacaq.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə bildirib.
Onun sözlərinə görə, görüş liderlərdən başqa, yalnız tərcüməçilərin iştirak edəcəyi təkbətək söhbətlə başlayacaq.
“Gözlənilir ki, görüş avqustun 15-də yerli vaxtla saat 11:30-da (Bakı vaxtı ilə saat 23:30) Donald Trampla Vladimir Putinin təkbətək söhbəti ilə başlayacaq”, - diplomat bildirib.
“Sonra nümayəndə heyətləri arasında danışıqlar olacaq və bu, səhər yeməyi zamanı davam edəcək”, - deyə o qeyd edib.
Uşakovun sözlərinə görə, avqustun 15-i keçiriləcək sammitdə prezidentlərin əsas müzakirə mövzusu Ukrayna böhranının həlli məsələsi olacaq.
Prezidentin köməkçisi, həmçinin bildirib ki, Ukrayna məsələsi ilə yanaşı digər aktual mövzular və regional problemlərə də toxunulacaq.
O, qeyd edib ki, iki ölkə prezidentlərinin görüşünə hazırlıq yekun mərhələyə daxil olub.
“Görüşün cəmi beş gün əvvəl elan edildiyini nəzərə alsaq, hər şey intensiv rejimdə aparılır. Bir çox texniki məsələlər, o cümlədən viza məsələləri həll olunur. Və, əlbəttə ki, ilk növbədə, sammitin siyasi komponenti üzərində fəal iş aparılır”, - Uşakov əlavə edib.
Prezidentin köməkçisinin qeyd etdiyinə görə, sammitdən sonra ABŞ və Rusiya liderləri media qarşısına çıxacaqlar və danışıqların nəticələri barədə birgə mətbuat konfransı keçirəcəklər.
Tətbiqimizi yükləyə bilərsiniz