
ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında görüş Ankoricdəki Elmendorf-Riçardson Hərbi Hava Qüvvələri bazasında baş tutacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb.
Telekanalın məlumatına görə, Amerika rəsmiləri son günlər sammit üçün yer tapmaqda ciddi problemlə üzləşiblər. Məlum olub ki, Alyaskada turizm mövsümü pik olduğu üçün sammitin keçirilməsi üçün əlçatan və əlverişli məkanlar praktiki olaraq olmayıb.
Cuno, Ankoric və Ferbenksdə variantları nəzərdən keçirdikdən sonra təşkilatçılar belə qənaətə gəldilər ki, yalnız Ankoricdə uyğun imkanlar var.
Mənbələr bildiriblər ki, Ağ Ev görüşün hərbi obyektdə keçirilməsinə razılıq verilməyəcəyinə ümid etsə də, Elmendorf-Riçardson tarixi görüş üçün bütün tələblərə cavab verən yeganə uyğun yer olub.
Belə ki, Elmendorf-Riçardson ABŞ Hərbi Hava Qüvvələri və Quru Qoşunlarının birgə obyektidir.
Qeyd edək ki, Donald Tramp avqustun 8-də Vladimir Putinlə avqustun 15-də Alyaskada görüşəcəyini bildirib. Daha sonra Kreml də sammitin tarixini və yerini təsdiqləyib.
Danışıqların əsas mövzusu Ukrayna böhranının uzunmüddətli sülh yolu ilə həllinin tapılmasıdır. Moskva Trampı növbəti görüşü Rusiyada keçirməyə dəvət edib.