
Avqustun 11-də İordaniya Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyn Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, İordaniya Kralı Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi və əldə olunmuş tarixi nəticələr ilə əlaqədar dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb, bu razılaşmaların regionda davamlı sülhün, təhlükəsizliyin və hərtərəfli əməkdaşlığın təmin olunmasına xidmət edəcəyinə ümidvarlığını bildirib.
Dövlət başçısı təbriklərə görə minnətdarlığını ifadə edərək, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında imzalanmış birgə bəyannamənin, həmçinin sülh və dövlətlərarası münasibətlərin yaradılmasına dair sazişin paraflanmasının və digər sənədlərin regionda sülhün təmin olunması baxımından vacibliyini vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasında ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu qeyd edib.
Telefon danışığı zamanı Azərbaycanla İordaniya arasında ikitərəfli münasibətlərə toxunulub, siyasi əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə olunub, müxtəlif sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Tətbiqimizi yükləyə bilərsiniz