Gülərüzlü olun…


Biz əksər hallarda çox mühüm bir amili unuduruq. Unuduruq ki, insanın gündəlik əhvali-ruhiyyəsində, ümumiyyətlə, həyatında özünütəlqin faktoru çox mühümdür…
Səhər yerinizdən durursunuz. Oyaq olanlar da var, yatanlar da. Güzgünün qarşısına keçib üzünuzə baxırsınız. Üzünüzdən yorğunluq, əzginlik, hər cür əzab-əziyyət oxunur. Düşünürsünüz ki, ailəniz, uşaqlarınız, bir sözlə ətrafınızdakılar sizi hər səhər bu üzdə görürlər və siz bu vəziyyəti dəyişmək üçün addım atmaq istəmirsiniz.
Halbuki insan özünə əhvali-ruhiyyə aşılamağı, ətrafındakıların əhvali-ruhiyyəsini açmağı bacarmalıdır. Əmin olun ki, özünütəlqin yolu ilə sizin də əhvalınız yaxşı olacaq, ətrafınızdakıların da...
Özünü inandıra bilmək, həmişə gülərüz olmaq sağlamlıq, eləcə də ətrafındakıların əhvalını yaxşılaşdırmaq üçün çox vacibdir. Bu cür insanlar cəmiyyətdə ümid müjdəsi kimi dolaşırlar. Hələ ailədə sizin körpəniz xəstələnibsə, əmin olun ki, üzünüzdəki təbəssümə, ümid dolu sözünüzə onun çox böyük ehtiyacı var.
Özünü inandıra bilənlər başqalarını da inandıra bilirlər. Ona görə də, xüsusilə, ailədə ailə başçısı bu məsələyə həmişə xüsusi diqqət ayırmalıdır. İnanmalı və inandırmalıdır ki, hər şey qaydasındadır. Gündəlik problemlər ən qısa bir vaxtda həll olunacaq. Ən əsası ailənin xoşbəxtliyi üçün hər hansı ciddi əngəl, maneə yoxdur. Bütün bunların ən gözəl ifadəsi isə, heç şübhəsiz, təbəssümdür.
Deyirlər ki, insanın üzü onun daxili aləmini əks etdirir. Ancaq ona da əmin olun ki, insan öz çöhrəsini həmişə təbəssümlə bəzəsə, bu tablo onun daxilinə də əks edər, hisslərinə, duyğularına da müsbət təsir göstərər.
Uca Peyğəmbərimiz (s.ə.s.) buyurur ki, təbəssüm də sədəqədir. Əgər siz, hətta öz əhvalınız o qədər də yaxşı olmasa belə, qarşı tərəfin könlünü almaq, üzünü güldürmək üçün təbəssüm edirsinizsə, əmin olun ki, sizin bu niyyətiniz boşa getməyəcək. Çünki siz Allahın bir qulunu sevindirsəniz, Allah da sizi sevindirər.
Üzünüzdən sevinc, çöhrənizdən təbəssüm əskik olmasın. Əmin olun ki, sizin bu əhvalınız evdə hər kəsin könlünü açacaq, üzünü güldürəcək. Uşaqlarınıza sevinclə, təbəssümlə yaşamağı öyrədin. Və bunun da bir tərbiyə yolu olduğunu unutmayın...

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top