“8 avqust Ermənistan, Azərbaycan, ABŞ və bütün dünya üçün tarixi bir gün olacaq” – Tramp


“Mən sabah (8 avqust – red.) Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı Ağ Evdə Tarixi Sülh Sammitində qəbul etməyi səbirsizliklə gözləyirəm”.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.
Tramp bildirib ki, onun administrasiyası uzun müddətdir ki, hər iki tərəflə danışır:
“Bu iki millət uzun illər müharibə vəziyyətində olub və minlərlə insanın ölümünə səbəb olan döyüşlər yaşanıb. Bir çox liderlər bu müharibəyə son qoymağa çalışsalar da, indiyə qədər heç bir nəticə əldə edilməyib. İndi isə bu, Tramp sayəsində mümkün olur. Sabah (8 avuqst – red.) Prezident Əliyev və Baş nazir Paşinyan Ağ Evdə mənimlə birlikdə rəsmi Sülh Sazişinin İmzalanma Mərasimində iştirak edəcəklər. ABŞ həmçinin hər iki ölkə ilə ikitərəfli razılaşmalar imzalayacaq ki, birlikdə iqtisadi imkanları araşdıraq və Cənubi Qafqaz regionunun tam potensialını açmaq mümkün olsun.
Mən bu cəsarətli liderlərin Ermənistan və Azərbaycan xalqı üçün doğru addımı atmasından çox qürur duyuram. Bu, Ermənistan, Azərbaycan, ABŞ və bütün dünya üçün tarixi bir gün olacaq”.

DİGƏR XƏBƏRLƏR

Top