Asılılıq yaratmayan güclü ağrıkəsici yaradılıb


Kito Universitetinin yapon alimləri, narkotik asılılıq və opioidlərə xas təhlükəli yan təsirlər yaratmayan yeni nəsil güclü ağrıkəsici hazırlayıblar.
Yeniavaz.com
xəbər verir ki, ADRIANA adlanan yeni dərmanla bağlı məlumatlar “Proceedings of the National Academy of Sciences” (PNAS) jurnalında dərc olunub.
Bildirilir ki, dərman artıq könüllülər və əməliyyat olunmuş pasiyentlər üzərində uğurla klinik sınaqlardan keçib.
“Morfin və digər ənənəvi ağrıkəsicilərdən fərqli olaraq, ADRIANA tamamilə fərqli mexanizmlə işləyir. O, sinir sisteminin müəyyən strukturlarına — adrenoreseptorlara təsir göstərir. Bu reseptorlar orqanizmin adrenalin və noradrenalin kimi maddələrə reaksiyasına cavabdehdir.
Yeni dərman α2B-adrenoreseptor alt növünü bloklayır və bu, noradrenalinin səviyyəsinin artmasına səbəb olur. Noradrenalin beynin sinir impulslarını ötürməsində iştirak edən maddədir. Bu, öz növbəsində, α2A-adrenoreseptorların aktivləşməsinə gətirib çıxarır. Həmin reseptorlar isə ağrı həssaslığının azalmasına cavabdehdir. Bu mexanizm tənəffüsün sıxılması, asılılıq və ya ürək ritmində pozğunluq kimi ağır yan təsirləri olmadan ağrını azaltmağa imkan verir”, - məlumatda deyilir.
Qeyd olunub ki, uğurlu preklinik sınaqlardan sonra dərman I və II fazalı klinik tədqiqatlardan keçib:
“Bu mərhələlərə ağciyər şişlərinin çıxarılması əməliyyatından keçən xəstələr cəlb olunub. Gələcəkdə ABŞ-də “BTB Therapeutics” şirkəti ilə əməkdaşlıq çərçivəsində genişmiqyaslı klinik tədqiqatlar planlaşdırılır”.
Tərtibatçıların fikrincə, ADRIANA ilk yapon qeyri-opioid ağrıkəsici ola bilər və qlobal “opioid böhranı”na qarşı mübarizədə mühüm rol oynaya bilər.

DİGƏR XƏBƏRLƏR

Top