
Ermənistan hökuməti telekommunikasiya sahəsində fəaliyyət göstərən “Viva Armeniya” şirkətindəki 20 faiz payını satmağa hazırlaşır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan hökumətinin rəsmi saytında məlumat verilib.
Bildirilir ki, dövlət öz payını Kiprdə qeydiyyatdan keçmiş “Fedilco Group Limited” şirkətinə 50 milyon dollar qarşılığında satmağı planlaşdırır.
Qeyd edilən razılaşma opsion sazişi əsasında həyata keçiriləcək. Ermənistan hökuməti bu qərarı 7 avqust 2025-ci il tarixində qəbul edib. Sazişə əsasən, alıcı – “Fedilco Group Limited” müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə, əvvəllər hədiyyə etdiyi səhmləri geri almaq hüququna sahib olacaq.
Hökumətin qərarında bildirilir ki, 2024-cü ildə Ermənistan dövləti şirkətdəki 20 faizlik payı “Fedilco Group Limited”dən pulsuz olaraq qəbul edib. Həmin pay bu ilin əvvəlində hökumətə hədiyyə edilib. Hazırda isə “Fedilco Group Limited” həmin səhmləri geri almaq üçün hökumətə təklif göndərib.
Nazirlər Kabineti qeyd edir ki, bu qərar 2021–2026-cı illər üzrə dövlət proqramının məqsədlərinə uyğundur. Proqramda dövlət əmlakının səmərəli idarə olunması prioritetlərdən biri kimi göstərilir.
“Fedilco Group Limited” Kiprdə qeydiyyatdan keçmiş şirkətdir. Onun sahibləri Çje Çjan və Konstantin Sokolov adlı şəxslərdir.
2024-cü ilin yanvar ayında Rusiyanın “Mobile TeleSystems” (MTS) şirkəti “MTS Ermənistan”nın səhmlərinin 100%-ini, həmçinin bu şirkətə məxsus “MobiDram” adlı ödəniş sistemini “Fedilco Group Limited”şirkətinə satıb. Mart ayında isə “MTS Ermənistan”nın adı dəyişdirilərək “Viva Armeniya” adlandırılıb.
2024-cü ilin iyul ayında Ermənistanın Dövlət Xidmətlərini Tənzimləmə Komissiyası “Rostelecom” şirkətinə məxsus “GNC-Alfa” telekommunikasiya operatorunun səhmlərinin də 100%-ini “Fedilco Group Limited” şirkətinə satmağa icazə verib.
Qeyd edək ki, Rusiyanın MTS şirkəti “MTS Ermənistan”ın satışından ümumilikdə 209,1 milyon dollar gəlir əldə edib. Yeni sahiblərdən biri, Rusiyanın Sankt-Peterburq şəhərindən olan iş adamı Konstantin Sokolovdur. O, əvvəlki illərdə maşınqayırma və daşınmaz əmlak sahəsində uğursuz layihələrə sərmayə qoyub.
Xatırladaq ki, MTS şirkəti Ermənistan bazarına 2007-ci ildə daxil olub. Həmin vaxt MTS, yerli mobil operator olan “K-Telecom” şirkətinin nəzarət paketini alıb.
2023-cü ilin əvvəlində MTS şirkəti “MTS Ermənistan” törəmə şirkətini Kiprdə qeydiyyatdan keçən “Fedilco Group” şirkətinə satmaq üçün danışıqlara başlayıb. Lakin həmin vaxt Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyi və Milli Təhlükəsizlik Xidməti sövdələşməyə etiraz etdikləri üçün satış həyata keçirilməyib.
Yalnız 2023-cü ilin sonunda bu razılaşma Dövlət Xidmətlərini Tənzimləmə Komissiyası tərəfindən təsdiq edilib və 2024-cü ilin əvvəlində satış baş tutub. Bu sövdələşmədən dərhal sonra yeni sahiblər şirkətin 20% səhmini Ermənistan dövlətinə pulsuz olaraq təhvil veriblər. Ermənistan hökuməti isə ona pulsuz verilən 20%-lik payı 50 milyon dollar alaraq geri qaytarır.
Onu da bildirək ki, Ermənistan hökumətinin qəbul etdiyi bu qərar, sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi ekspertlər hesab edirlər ki, Ermənistan dövlətinə əvvəlcə pulsuz verilən səhmlərin qısa müddətdən sonra 50 milyon dollara geri satılması, əslində dövlətin dolayı yolla Kipr şirkətindən rüşvət alması kimi qiymətləndirilə bilər. Bildirilir ki, bu, dövlət əmlakının qeyri şəffaf idarə olunması ilə bağlı ciddi narahatlıq yaradır.
Elnur Əli