BP bu il 6 min 200 nəfəri işdən azad edəcək – “Financial Times”


BP şirkəti yaxın aylarda ofis işçilərinin 15%-ini ixtisar etməyi planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Məlumata görə, ixtisar qərarı şirkətin strateji planının yenidən nəzərdən keçirilməsi və xərclərin azaldılması ilə bağlıdır. Təxminən 40 min ofis işçisinə sahib olan şirkət bu il ərzində 6 min 200 nəfəri işdən azad edəcək.
BP daha əvvəl 2024-cü il üçün 4 min 700 nəfərin ixtisarı ilə bağlı planlarını elan etmişdi. Hazırda şirkətin ümumi işçi sayı 100 min nəfər civarındadır.
Qeyd edilir ki, bu proseslər BP-nin 2024-cü ilin fevral ayında elan etdiyi strateji dəyişikliklərdən sonra başlayıb. Həmin planlara təmiz enerjiyə yatırımların azaldılması, neft hasilatının artırılması, xərclərin 2023-cü ilin ilkin səviyyəsi ilə müqayisədə 4-5 milyard dollar azaldılması və 20 milyard dollar dəyərində aktiv satışları daxildir.
Lakin “Financial Times” yazır ki, bu yanaşma investorlar tərəfindən soyuq qarşılanıb və BP-nin səhmləri hələ də həmin dövrə nisbətən 10 faiz aşağıdır.
BP son açıqlamasından bu günə qədər xərcləri 1,7 milyard dollar azaltmağa və 3 milyard dollarlıq aktiv satmağa nail olduğunu bildirib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top