
Zinəddin Zidan 2026-cı il dünya çempionatından sonra Fransa milli komandasına rəhbərlik edəcək.
Yeniavaz.com “Defensa Central” portalına istinadla xəbər verir ki, bu barədə RMC telekanalının jurnalisti Jilber Brisebua məlumat verib.
Onun sözlərinə görə, hazırda Fransa millisinin baş məşqçisi olan Didye Deşam bir ildən sonra komandanı tərk edəcək. Onun komanda ilə son turniri Kanada, ABŞ və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatı olacaq.
“Deşam 2026-cı ildə gedəcək. Bir ildən sonra Zidan gələcək. Hər şey həll olundu”, - Brisebua bildirib.
Qeyd edək ki, Deşamın 56 yaşı var və 2012-ci ildən Fransa millisinin rəhbəridir. Mütəxəssisin rəhbərliyi altında komanda 166 oyun keçirib, 106 qələbə qazanıb, 31 dəfə heç-heçə edib, 29 dəfə məğlub olub.
Deşamla birlikdə Fransa millisi Dünya Kubokunun (2018), Millətlər Liqasının (2022) qalibi olub, həmçinin, Avropa Çempionatının (2016) və Dünya Çempionatının (2022) gümüş mükafatını qazanıb.
Xatırladaq ki, Zidanın 53 yaşı var, mütəxəssisin son iş yeri 2019-2021-ci illərdə, həmçinin 2016-2018-ci illərdə rəhbərlik etdiyi İspaniyanın “Real Madrid” klubu olub. Onun rəhbərliyi altında madridlilər üç dəfə Çempionlar Liqasının, iki dəfə İspaniya Çempionatının və İspaniya Superkubokunun qalibi olub.