
“Moskva sərt ikinci dərəcəli sanksiyaların tətbiqinin qarşısını almaq üçün ABŞ Prezidenti Donald Trampa güzəşt olaraq Ukrayna ilə hava atəşkəsi bağlamağı nəzərdən keçirir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Agentlik qeyd edib ki, Kreml rəsmiləri başa düşürlər ki, ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffun Rusiyaya gözlənilən səfəri Trampla razılığa gəlmək üçün son şansdır. Eyni zamanda, nəşrin həmsöhbətləri uğur gözləntilərinin aşağı olduğunu qeyd edirlər.
Mənbələrdən birinə görə, raket və dron zərbələrinin dayandırılması Moskvanın potensial təkliflərindən biri ola bilər - bir şərtlə ki, Ukrayna da bunu əməl etsin. Eyni zamanda, “Bloomberg” yazır ki, Rusiya Prezidenti Vladimir Putin tam atəşkəsə razı olmayacaq, çünki rus qoşunları döyüş meydanında inamla irəliləməyə davam edir.
Xatırladaq ki, Tramp Rusiyaya atəşi dayandırmaq üçün avqustun 8-dək vaxt verib. Əks halda, o, Rusiyadan neft məhsulları alan ölkələrin mallarına üçrəqəmli rüsum tətbiq edəcəyini vəd edir.