Sizdə də bu vərdişlər varsa, deməli kasıbsınız...


Sosioloqlar və maliyyə mütəxəsssiləri belə fikirləşirlər ki, maliyyə uğursuzluğu təkcə gəlirin azlığı ilə deyil, düşüncə və davranış modelləri ilə də bağlıdır.
Yeniavaz.com
xəbər verir ki, aparılan bir çox araşdırma kasıblığın təkcə maaşın az olması ilə yox, insanın dünyaya baxışı, gündəlik qərarları və illərlə formalaşmış vərdişləri ilə bağlı olduğunu ortaya qoyur.
Mütəxəssislər belə hesab edirlər ki, bu vərdişlər insanları uzunmüddətli yoxsulluğa sürükləyən əsas amillərdəndir.
İnsanı yoxsulluğa sürükləyən bəzi vərdişləri ümumiləşdirərək təqdim edirik:
- Bir çoxları hələ də düşünür ki, bahalı telefon, brend ayaqqabı və “premium” siqaret insanı cəmiyyətə daha “layiqli” göstərir. Məsələn, minimum maaşla çalışan biri 2 aylıq qazancını “iPhone”a verir, amma hesab edir ki, kitab üçün 5 manat xərcləmək israfdır. Əksər sosioloqlar belə hesab edir ki, bu, bir insanın kasıb olduğunu göstərən davranışdır.
- Azərbaycanda əhalinin böyük qismi hələ də düşünür ki, universiteti bitirdinsə, öyrənəcək başqa bir şey qalmayıb. Amma iş dünyasında dəyişikliklər sürətlidir, özünü yeniləməyən insan əmək bazarında geri qalır. Məsələn, 20 il əvvəl universitet məzunları müsair kompyuter proqramlarının nə olduğunu belə bilmirdilər. Amma, indi əksər iş yerlərində bu proqramları bilmədən işləmək mümkün deyil. Bu, onu göstərir ki, sürətlə dəyişən əmək bazarında universitetdə öyrənilənlər kifayət etmir.
- “Hamı tanışla iş tapır, bizdə adamın yoxdursa, heç kim səni görmür”. Yəqin ki, bu cür, tipik bəhanələri tez-tes eşidirsiniz. Halbuki internet dövründə əmək bazarlarının sərhədləri daha genişdir. Bu gün onlayn xidmətlər kimi imkanlar hər kəsin əlindədir. Lakin bəzi insanlar öyrənmək, dəyişmək əvəzinə, vəziyyətdən şikayət etməyi seçirlər.
- Azərbaycanda kreditlə evlənmək, kreditlə mebel almaq, kreditlə “status” nümayiş etdirmək kimi qəribə bir tendensiya formalaşıb. Halbuki bu cür istehlak davranışı gəlirin sabit olmadığı bir ölkədə maddi fəlakətlə nəticələnə bilər. Belə insanlara artan kredit borcları ilə bağlı irad bildirən zaman da, “nə olar-olar, bircə dəfə yaşayırıq” cavabını verirlər.
- Vaxtının çoxunu sosial şəbəkələrdə, “TikTok”da, ya da telefonda oyun ilə keçirənlər “iş tapılmır” deyə gileylənir. Halbuki eyni vaxtda onlayn kurs keçib, yeni peşə öyrənmək, xidmət sahələrində işləmək mümkündür. Kasıb insanın əsas problemi də elə budur – vaxt bu insanlar üçün heç bir əhəmiyyət daşımır.
- Ayın sonuna necə çatacağı barədə düşünən biri, 1 ildən sonra nə əldə edə biləcəyini planlaşdırmır. Yoxsul insanların böyük əksəriyyəti uzunmüddətli maliyyə planları fikirləşmirlər. Onları düşündürən, əsas sual budur – “bu gün nə qədər qazanacağam?”, yaxud “bu gün nə yeyəcəyəm?” Əgər bir insan hər gün 1 manata qənaət etməklə 10 ildən sonra 3 652 manata sahib ola biləcəyini planlayırsa, deməli o insan düşüncə olaraq “zəngin təfəkkürə” sahibdir.
- Əgər, bir insandan bir peşəni bilib-bilmədiyini soruşan zaman “bir az bilirəm” deyirsə, bu, həmin insanın “kasıb” olduğunu göstərir. Bir-çox insan ixtisaslaşmaq, peşəkarlıq qazanmaq əvəzinə, hər şeydən bir az bilməklə dolanmaq istəyir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top