
Braziliyanın Ali Məhkəməsi dövlət çevrilişinə cəhddə ittiham olunan keçmiş prezident Jair Bolsonaronun ev dustaqlığına buraxılması barədə qərar çıxarıb.
Yeniavaz.com xəbər verir ki, avqustun 3-də Braziliyanın müxtəlif şəhərlərində Jair Bolsonaroya dəstək aksiyaları keçirilib.
Mitinqlərin birində sabiq prezidentin oğlu Flavio atasına telefonla zəng edərək Rio-de-Janeyroda toplaşan tərəfdarlara müraciət edib, sonra isə müraciətin videosunu İnstaqramda yerləşdirib. Video daha sonra silinib.
Bu, Braziliya Ali Məhkəməsinin hakimi Aleksandre de Moraesi iyul ayında Jair Bolsonaroya qarşı tətbiq edilən məhdudlaşdırıcı tədbirləri ev dustaqlığı ilə əvəz etməyə sövq edib. Hakimin sözlərinə görə, Bolsonaro övladlarının və tərəfdarlarının sosial şəbəkələrindən Ali Məhkəməyə hücum çağırışları və Braziliyanın məhkəmə sisteminə xarici müdaxiləyə dəstək kimi məlumatlar yaymaq üçün istifadə edib.
Bolsonaro ev dustaqlığı zamanı yalnız vəkillər və məhkəmənin səlahiyyət verdiyi şəxslərlə görüşə bilər. Braziliyanın keçmiş prezidentinə mobil telefondan istifadə də qadağan edilib.
2022-ci ilin oktyabrında Braziliyada keçirilən prezident seçkilərinin ikinci turunda solçu Luiz İnasio Lula da Silva 51% səslə sağçı populist Jair Bolsonaroya (49%) qalib gəlib.
“Braziliyalı Tramp” adlandırılan Bolsonaro seçkidəki məğlubiyyətini açıq şəkildə etiraf etməsə də, konstitusiyaya hörmət etdiyini bəyan edib. 2023-cü il yanvarın 1-də baş tutan yeni prezidentin andiçmə mərasimindən əvvəl Jair Bolsonaro Braziliyanı tərk edərək müvəqqəti olaraq ABŞ-nin Florida ştatına köçüb.
8 yanvar 2023-cü ildə seçkilərin nəticələrinin saxtalaşdırıldığına inanan Bolsonaro tərəfdarları Konqresə, prezident sarayına və Ali Məhkəməyə basqın ediblər. Polis çevik vasitələrdən istifadə edərək binaları təmizləyib və yüzlərlə insanı həbs edib.
2023-cü ilin yanvar hadisələri ilə bağlı aparılan araşdırma nəticəsində 2025-ci ilin fevralında Jair Bolsonaro dövlət çevrilişinə cəhddə və hazırkı prezidenti devirməkdə ittiham olunub.
İttihama görə, keçmiş müdafiə naziri və keçmiş kəşfiyyat xidmətinin rəhbəri də daxil olmaqla, daha 7 nəfərin iştirak etdiyi sui-qəsd hərbçilərin dəstəyinin olmaması səbəbindən baş tutmayıb.
70 yaşlı Jair Bolsonaro ittihamları rədd edib. Günahı sübuta yetirilərsə, onu uzunmüddətli həbs cəzası gözləyir.
Tətbiqimizi yükləyə bilərsiniz