
2022-ci ildən başlayaraq, Rusiyanın mobil tətbiqlər bazarında ciddi çətinliklər yaşanır.
Yeniavaz.com “Forbes” nəşrinə istinadən xəbər verir ki, Qərbin tətbiq etdiyi sanksiyalar nəticəsində bankların və digər rəqəmsal xidmətlərin tətbiqləri “App Store” və “Google Play”dən silinməyə başlayıb. Təkcə 2022-ci ildə bu vəziyyət ölkə iqtisadiyyatına təxminən 21,5 milyard dollar zərər vurub.
Ən çox zərər bank sektoruna dəyib. Məşhur bankların – “Sberbank”, VTB, “Alfa-Bank” və digərlərinin mobil proqramları silinib. “Google” ödəniş xidmətlərini dayandırıb, “Apple” isə proqramların araşdırılmasını sərtləşdirib, tərtibatçıları bloklayıb və sertifikatları ləğv edib.
Bildirilir ki, rus şirkətləri bu maneələrə qarşı mübarizə aparmaq üçün müxtəlif yollar axtarmağa başlayıblar.
“Forbes” həmin yollardan bəzilərini aşağıdakı kimi qruplaşdırıb:
- Sanksiyalardan yayınmaq üçün tətbiqlər Serbiya, Qazaxıstan və Ermənistanda qeydiyyatdan keçmiş şirkətlərin adı ilə “App Store”a yerləşdirilir. Bu, sanksiya riskini azaltmağa kömək edir.
- Bəzi tətbiqlər adi xidmət adı ilə təqdim olunur. Lakin istifadəçi daxil olduqdan sonra bank funksiyaları aktivləşir. Məsələn, “Rosselxozbank” “Süd mühasibatlığı” adlı proqram buraxaraq onu bank xidmətinə çevirib.
- Tərtibatçılar kodu qarışıq şəkildə təqdim edir ki, “Apple” ekspertləri əsas funksiyanı anlaya bilməsinlər.
- Tətbiqlər ilkin mərhələdə sadə görünür, sonra isə əsas funksiyalar serverlər vasitəsilə aktivləşdirilir.
- Yeni “Apple” hesabları yaratmaq üçün şirkətlər hüquqi şəxslər və bank kartları ilə birlikdə xüsusi struktur qururlar.
Qeyd edilir ki, 2025-ci ilin fevralında “Apple” rus şirkətlərinin iOS tətbiqlərini birbaşa yaymalarına imkan verən Developer Enterprise Proqramını (ADEP) ləğv edib. Bu, “iPhone” istifadəçiləri üçün böyük məhdudiyyət olub. İndi tətbiqlərin quraşdırılması üçün alternativ yollar – “TestFlight” və ya PWA texnologiyası (brauzer əsaslı tətbiqlər) istifadə olunur. Amma bu üsullar daha zəif istifadəçi təcrübəsi təqdim edir.
“Android” cihazları üçün Rusiya hökuməti “RuStore” adlı öz tətbiq mağazasını inkişaf etdirir. 2025-ci ilin martına qədər bu mağazada 100 milyondan çox tətbiq yüklənib. Yeni qanuna əsasən, sentyabrın 1-dən etibarən Rusiyada satılan bütün smartfon və planşetlərdə “RuStore” əvvəlcədən quraşdırılacaq.
Ekspertlər bildirir ki, yaxın illərdə rus şirkətləri “App Store”da “gizlənmək” strategiyası ilə davam edəcək, “Android” tərəfdə isə “RuStore” əsas kanal olacaq. Qadağalar davam etdikcə, brauzer tətbiqləri (PWA) alternativ kimi daha da aktuallaşacaq.
Murad Məmmədov