
“Meta” şirkətinin rəhbəri Mark Zukerberq süni intellekt sahəsində aparıcı mühəndisi şirkətə işə qəbul etmək üçün ona 1 milyard dollardan çox maaş təklif edib, lakin o, bu təklifdən imtina edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə mənbələrə istinadla “The Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.
Söhbət bir neçə il əvvəl “OpenAI”a keçən, şirkətin aparıcı tədqiqatçılarından birinə çevrilən, həmçinin, “Thinking Machines Lab” startapının həmtəsisçisi olan keçmiş “Facebook” əməkdaşı Endryu Tallokdan gedir.
WSJ-nin məlumatına görə, Zukerberq Talloka ən azı altı il ərzində bonusların və səhmlərin artımını nəzərə alaraq, 1-1,5 milyard dollarlıq kompensasiya paketi təklif edib.
Lakin Tallok Zukerberqin bu təklifini rədd edib.
Digər tərəfdən, “Meta” “Thinking Machines Lab”ı da almağa çalışıb. Lakin startapın yaradıcısı, “OpenAI”nin keçmiş texniki direktoru Mira Murati təklifdən imtina edib.
Nəşrin yazdığına görə, “Meta” 100-dən çox “OpenAI” əməkdaşı ilə əlaqə saxlayıb və onlardan on nəfərini şirkətə qoşulmağa razı salıb.