Sankt-Peterburqda azərbaycanlı yeniyetmə barəsində terror işi açılıb


Rusiyanın Sankt-Peterburq şəhərində 14 yaşlı azərbaycanlı yeniyetmə barəsində “terror aktı törətməyə cəhd” maddəsi ilə cinayət işi başlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat yayılıb.
İstintaqın versiyasına görə, yeniyetmə Moskovskaya meydanında yerləşən və hazırda istifadə olunmayan polis idarəsinin binasına molotov kokteyli atıb. Nəticədə binanın dam örtüyü yanıb, lakin insident zamanı heç kim xəsarət almayıb – yanğını təsadüfən yoldan keçənlər söndürüb.
İstintaq orqanlarının məlumatına əsasən, yeniyetmə hadisəni telefonla çəkdikdən sonra ərazidən qaçıb, lakin daha sonra saxlanılıb.
“Fontanka” nəşri və Rusiya Daxili İşlər Nazirliyinin məlumatına əsasən, saxlanılan yeniyetmə internetdə aldadıldığını bildirib. Onun sözlərinə görə, iyulun 28-də sosial şəbəkədə Sankt-Peterburqun görməli yerlərinin geolokasiyalarını istəyən bir qızla tanış olub. Yazışmadan az sonra həmin şəxs əlaqəni kəsib.
Yeniyetmənin dediyinə görə, sonradan ona yazan naməlum şəxs həmin məlumatların “cinayət məqsədi ilə” istifadə edildiyini bildirib və gəncdən “günahını yumaq üçün” tərk edilmiş polis bölməsini yandırmağı istəyib. Qarşılığında isə 250 min rubl təklif olunub.
Hadisə ilə bağlı istintaq davam edir. Yeniyetmənin azyaşlı olması nəzərə alınaraq, onun hüquqi vəziyyətinə dair qərarlar xüsusi nəzarət altında veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top