İsrailli nazir Qəzzanın tam işğalına çağırış edib


İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qüdsdə yerləşən Məbəd Dağına qalxıb.
Yeniavaz.com
xəbər verir ki, orada çıxış edən nazir Fələstinin HƏMAS hərəkatının tezliklə məhv edilməsinin, Qəzza zolağının tam ələ keçirilməsinin və anklav sakinlərinin “könüllü miqrasiyası” üçün şərait yaradılmasının vacibliyini bildirib.
“Məhz buradan – Məbəd Dağından, İsrail suverenliyinin mümkün olduğunu sübut etdiyimiz yerdən siqnal göndərməliyik: Qəzzanı tam ələ keçirmək, bütün bölgəyə İsrailin suverenliyi elan etmək, HƏMAS-ın hər bir üzvünü məhv etmək və fələstinlilərin könüllü miqrasiyasını təşviq etmək. Girovları qaytarmağın və müharibəni qazanmağın yeganə yolu budur”, - nazir deyib.
“The Times of Israel” nəşrinin verdiyi məlumata görə, bu səfər zamanı Ben-Qvir Məbəd Dağına çıxan yəhudi ibadətçilərlə birlikdə dua edib. Nəşr vurğulayır ki, bu, İsrail hökumətinin bir naziri tərəfindən orada açıq şəkildə dua edilməsinin ilk halıdır. Mövcud status-kvoya əsasən, Məbəd Dağı üzərində ibadət hüququ yalnız müsəlmanlara məxsusdur; digər dinlərin nümayəndələri, o cümlədən yəhudilər, bu əraziyə sadəcə turist kimi daxil ola bilər və dini ayinlər icra edə bilməzlər.

DİGƏR XƏBƏRLƏR

Top