“Şah İsmayıl parçalanmış İranı birləşdirib Səfəvilər dövlətini yaratdı” – Xameneyinin baş müşaviri


İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyinin baş müşaviri Əli Əkbər Vilayəti Zəngəzur dəhlizi layihəsini ABŞ və İsrailin regiona qarşı planlaşdırdığı geosiyasi tələnin bir hissəsi adlandırıb.
Yeniavaz.com
“Mehr” agentliyinə istinadən xəbər verir ki, Tehranda Şeyx Səfiəddin Ərdəbilinin anım mərasimində çıxış edən Vilayəti, Azərbaycanın strateji əhəmiyyətindən bəhs edərək bildirib ki, bu dəhliz planı İranın tarixi birliyini və Qafqazla mədəni əlaqələrini zəiflətmək məqsədi daşıyır.
"Zəngəzur dəhlizi ABŞ və sionist rejimin İranın milli təhlükəsizliyini hədəf alan layihəsidir. Bu, sadəcə bir nəqliyyat layihəsi deyil, həm də bölgədəki müqavimət cəbhəsinə qarşı yönəldilmiş geosiyasi hücumdur", – deyə Vilayəti vurğulayıb.
Onun sözlərinə görə, layihənin arxasında duran məqsəd İranın Qafqaz bölgəsi ilə fiziki əlaqəsini kəsməklə yanaşı, həm İran, həm də Rusiyanı regional blokadaya salmaq və müqavimət oxunu zəiflətməkdir.
Tarixi və dini amillərə də toxunan İran rəsmisi, Azərbaycanın İslam və şiə mədəniyyətindəki yerini vurğulayaraq qeyd edib ki, bu region İran-İslam kimliyinin öncül qalasıdır və tarix boyu ərazi bütövlüyü və müstəqillik uğrunda mübarizədə ön cəbhədə yer alıb.
Qeyd edək ki, “Mehr” agentliyi Əli Əkbər Vilayətinin tədbirdəki çıxışının mətnini də yayıb. Vilayətinin çıxışı zamanı səsləndiridiyi fikirlərdən bəzilərini təqdim edirik:
“İran kimliyi həmişə tövhid inancı üzərində qurulmuşdur. Qədim dövrlərdən bu günə qədər iranlılar birallahlı inanca sadiq qalıblar. Şəhrestani və Məsudi kimi tarixçilərin yazdığına görə, hətta qədim İran padşahları da özlərini İbrahim peyğəmbərin (ə) nəslindən hesab edirdilər. İslamın gəlişi ilə, əvvəllər təkallahlı Zərdüştilik dininə mənsub olan İran xalqı bu ilahi dini böyük səmimiyyətlə qəbul etdi. Maraqlıdır ki, bir çox tarixçiyə görə, Zərdüştün özü də Azərbaycanın bölgəsindən olmuşdur.
Əbu Müslim Xorasaninin Əməvilərə qarşı qiyamından başlayaraq, monqol istilaları dövründə Xacə Nasirəddin Tusinin səyləri və Səfəvilər dövründən əvvəlki şiə hərəkatlarına qədər, iranlılar tarix boyu zülmə qarşı mübarizədə aparıcı rol oynamışlar.
Lakin bu tarixi yolun dönüş nöqtəsi Şah İsmayıl Səfəvinin dövründə baş verdi. Şeyx Səfiəddin Ərdəbilinin təlimlərindən ilham alaraq, əsrlər boyu parçalanmış İranı birləşdirib Səfəvilər dövlətini yaratdı.
İmam Musa Kazımın (ə) nəslindən olan mistik və mömin alim Şeyx Səfiəddin Ərdəbili, yalnız mənəvi və əqli bir hərəkat yaratmaqla kifayətlənmədi, eyni zamanda mistisizm, şiəlik və İran kimliyini birləşdirərək, İranın mədəni-siyasi birliyinin əsasını qoydu. O, bu gün də mədəniyyətimizdə yaşamaqda olan qurum və strukturların təməlini atdı.
Azərbaycan bölgəsi tarix boyunca və bu gün də iman mənbəyi, şiəlik qalası və İran–İslam kimliyinin öncül dayağı kimi qalmaqdadır. Bu bölgə həmişə ərazi bütövlüyünün, müstəqilliyin və İslam İnqilabının dəyərlərinin müdafiəsində ön sıralarda olmuşdur və bu tarixi rol davam etdirilməlidir”.

DİGƏR XƏBƏRLƏR

Top