
1. “Yalnız sizə məxsus”...
Məşhur bir saat firması, başqa saat firmalarından fərqli olaraq tək bir ədəd qol saatı istehsal edir və “Bu qol saatını taxarkən onun dünyada yalnız sizə məxsus olduğunu bilmək sizin üçün böyük bir fəxr olacaq” deyə reklam verir. Bu reklam yazısının altındakı neçə milyon dollarlıq qiymət isə sizi, həqiqətən də, bu saatın “yalnız sizə məxsus” olduğuna inandırır. Halbuki “yalnız sizə məxsus” olan bir şeyi görmək üçün mütləq bu saata sahib olmaq vacib deyil. Sadəcə olaraq, barmağınızın ucuna baxmaq kifayətdir. Çünki barmağınızın ucundakı o iz başqa heç bir canlıda yoxdur.
Barmaq izinin bu xüsusiyyətini elm bizə XIX əsrdə təqdim edir. Ancaq Müqəddəs Kitabımız bu həqiqəti bizə VI əsrdə xəbər verir: “Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?! Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaq uclarını da) yenidən yaratmağa qadirik!” (Qiyamə/3-4).
Bu gün təkcə ABŞ polis arxivində belə barmaq izlərinin sayı 300 milyondan çoxdur.
2. Hər adam bir milyarderdir
Deyəcəksiniz ki, mən də? Əlbəttə ki, siz də! Sizə bəxş edilən ucsuz-bucaqsız nemətlərə bir az nəzər salsanız və onlar haqqında bir az düşünsəniz, sizdə də “Əlibaba və qırx quldur” nağılındakı xəzinədən çox daş-qaş olduğuna heyrət edəcəksiniz.
Məsələn, iki gözünüzü neçə milyard dollara satarsınız? Və ya iki qulağınızı neçə milyard dollara verərsiniz? Bəs əllərinizi, ayaqlarınızı... Və ya ailənizi, uşaqlarınızı?.. Bütün bu olanları toplasanız, görərsiniz ki, öz nemətlərinizi Rokfellerin də, Fordun da yığdığı kapitala dəyişməzsiniz.
Ancaq bütün bunlara görə, onları Bizə Verənə təşəkkür edə bilirikmi? Əlbəttə ki, yox! Şopenhauerin dediyi kimi: “Əlimizdə olan şeylər haqqında heç vaxt düşünmürük, əlimizdə olmayan şeylər haqqında isə həmişə”...
Murad Məmmədov