
Sinqapur pasportu 2025-ci ilin birinci yarısı üçün dünyanın ən güclü pasportu seçilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “The Henley Passport Index” portalında dərc olunan reytinqdə öz əksini tapıb.
Bu reytinqə görə, Sinqapur vətəndaşlarının 193 ölkəyə vizasız getmək imkanı var.
Yaponiya və Cənubi Koreya pasportları isə 190 ölkəyə vizasız getmək imkanı ilə siyahıda ikinci olub.
Üçüncü yeri Danimarka, Fransa, İrlandiya, Finlandiya, Almaniya, İspaniya və İtaliya pasportları tutub. Portalın məlumatına görə, bu ölkələrin pasportu olan vətəndaşlar 189 ölkəyə vizasız gedə bilərlər.
Azərbaycan isə siyahıda 68-ci yerdədir. Belə ki, Azərbaycan vətəndaşlarının 72 ölkəyə vizasız getmək imkanı var.
Türkiyə isə Rusiya ilə birlikdə 46-cı yeri tutub. Türkiyə vətəndaşları da Rusiya vətəndaşları kimi 114 ölkəyə vizasız gedə bilərlər.
Qeyd edək ki, Azərbaycan keçən illə müqayisədə reytinqdəki mövqeyini iki pillə yaxşılaşdırıb.