
BBC-nin rus xidməti və Rusiya hakimiyyəti tərəfindən “xarici agent” elan edilən müstəqil “Mediazona” nəşri könüllü dəstələrlə birlikdə Ukraynada genişmiqyaslı müharibənin başlamasından sonra (2022-ci il fevralın 24-dən) Rusiya tərəfində həlak olanların şəxsiyyətini müəyyənləşdirməyə davam edir.
Yeniavaz.com xəbər verir ki, bu gün, iyulun 25-də dərc edilən yenilənmiş məlumatlara görə, həlak olanların sayı 120 min 343 nəfərdir.
İki həftə əvvəl, iyulun 11-də dərc edilən araşdırmaya görə, bu rəqəm 118 min 139 idi.
Söhbət ictimai mənbələr vasitəsilə yayılan məlumatlar və hərbi məzarlarla bağlı araşdırmalar əsasında jurnalistlər və könüllülər tərəfindən ad və soyadları müəyyən edilənlərdən gedir.
Qeyd olunur ki, ölənlərin 53%-nin müharibədən əvvəl Rusiya ordusu və ya Milli Qvardiya ilə əlaqəsi olmayıb. Onların arasında könüllülər, səfərbər edilmiş əsgərlər və həbsxanalardan cəbhəyə göndərilən məhbuslar olub.
“Ölənlərin orta yaşı 39-dur. Rusiyanın regionları arasında ən çox ölüm halı Başqırdıstanda baş verib”, - hesabatda deyilir.
Bildirilir ki, Rusiyanın Ukrayna ilə müharibədə faktiki itkiləri daha çoxdur. BBC Rus Xidmətinin məlumatına görə, hərbi ekspertlər ictimai mənbələr tərəfindən verilən rəqəmlərin faktiki ölüm sayının 45%-65%-i arasında olduğunu təxmin edirlər.
Qeyd edək ki, Rusiya öz itkilərini rəsmi qaydada heç vaxt açıqlamayıb.