Dövlət büdcəsinin gəlirləri açıqlandı


Bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinin qeyri neft-qaz sektoru üzrə ümumi daxilolmaları 10 milyard 277,3 milyon manat olub.
Yeniavaz.com
Maliyyə Nazirliyindən açıqlanan məlumatlara istinadən xəbər verir ki, büdcə daxilolmaları proqnozla müqayisədə 457 milyon manat və ya 4,7%, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 232,3 milyon manat və ya 2,3% çoxdur.
Bu ilin birinci yarısında dövlət büdcəsinin gəlirlərində qeyri neft-qaz sektoru üzrə daxilolmaların 62,4%-ini və ya 6 milyard 417,6 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 30,1%-ini və ya 3 milyard 91,1 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 3%-ini və ya 312,2 milyon manatını dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar, 4,3%-ini və ya 434,5 milyon manatını sair daxilolmalar, 0,2%-ini və ya 21,9 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar təşkil edib. 
Yanvar-iyun ayları üzrə dövlət büdcəsinin gəlirlərinin qeyri neft-qaz sektoru üzrə proqnoza nisbətən vergi orqanlarının xətti ilə daxilolmalar 218,6 milyon manat və ya 3,5%, gömrük orqanlarının xətti ilə daxilolmalar 4,1 milyon manat və ya 0,1%, dövlət əmlakının icarəyə verilməsindən və digər mənbələrdən daxilolmalar 319,2 milyon manat və ya 3,3 dəfə çox, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 84,9 milyon manat və ya 21,4% az icra olunub.  
Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları isə 9 milyard 526,6 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 247,8 milyon manat və ya 2,7%, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 728,8 milyon manat və ya 8,3% çoxdur.
Bu ilin ilk altı ayında dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 24%-i və ya 2 milyard 286,1 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 76%-i və ya 7 milyard 240,5 milyon manatı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşüb. 
Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olan neft-qaz gəlirlərinin 52,7%-i və ya 1 milyard 203,9 milyon manatı “Şahdəniz” yatağı üzrə mənfəət vergisi, 39,2%-i və ya 897,6 milyon manatı Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 8,1%-i və ya 184,6 milyon manatı Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti mənfəət vergisi hesabına olub.

DİGƏR XƏBƏRLƏR

Top