Qazaxıstan BTC ilə neft nəqlini artırmağı planlaşdırır


Qazaxıstanın energetika naziri Erlan Akkenjenov Gürcüstanın yeni iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüş keçirib.
Yeniavaz.com
Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında enerji, nəqliyyat və yaşıl enerji sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Görüşdə Akkenjenov Gürcüstan marşrutunun Qazaxıstan karbohidrogenlərinin daşınmasında strateji əhəmiyyətini vurğulayıb: “Biz Gürcüstanın nəqliyyat infrastrukturunun etibarlılığını və dayanıqlığını yüksək qiymətləndiririk. 2024-cü ildə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə 1,4 milyon ton Qazaxıstan nefti nəql olunub. Bu il bu rəqəmi 1,5 milyon tona çatdırmağı planlaşdırırıq”.
Tərəflər, həmçinin Qazaxıstanın Gürcüstandakı əsas aktivləri olan Batumi Dəniz Limanı və Batumi Neft Terminalının hazırkı fəaliyyəti və gələcək inkişaf perspektivlərini müzakirə edərək, onların regional logistika baxımından əhəmiyyətini qeyd ediblər.
Yaşıl enerji sahəsində isə iki tərəf strateji layihələr arasında əməkdaşlıq imkanlarını nəzərdən keçirib. Bu çərçivədə Qazaxıstanın Azərbaycan və Özbəkistanla birgə həyata keçirdiyi Transxəzər enerji dəhlizi təşəbbüsü ilə Gürcüstanın Qara dəniz üzərindən yüksək gərginlikli elektrik kabelinin çəkilməsi layihəsi arasında sinerji imkanları müzakirə olunub. Hər iki tərəf Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək enerji arteriyasının formalaşdırılmasında ümumi marağı ifadə edib.
Qeyd edək ki, bir qədər əvvəl Gürcüstan naziri Mariam Kvrivişvili Qazaxıstanın baş naziri Oljas Bektenovla da görüşüb. Həmin görüşdə əsas diqqət Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində nəqliyyat-logistika əlaqələrinin genişləndirilməsinə və aqrar-sənaye kompleksində ticarət dövriyyəsinin artırılmasına yönəlib.

DİGƏR XƏBƏRLƏR

Top