Qusarda 3 günlük istirahət bir ailə üçün neçə manata başa gəlir?


Məlum olduğu kimi, yay fəslinin gəlişi ilə Azərbaycanda istirahət mövsümü də başlayıb.
Yeniavaz.com
xəbər verir ki, ailələr ölkənin müxtəlif bölgələrinə səfər etməklə həm təbiətdən zövq almağa, həm də gündəlik iş həyatının yorğunluğundan uzaqlaşmağa çalışırlar.
Bəs görəsən, Bakıda yaşayan dörd nəfərlik bir ailə – ata, ana və iki uşaq paytaxta nisbətən yaxın olan turistik bölgələrdən olan Qusar rayonunada üç günlük istirahət üçün nə qədər xərc çəkməlidir?
Apardığımız hesablama göstərir ki, Azərbaycanda belə bir ailənin yay mövsümündə Bakıdan Qusara üç günlük istirahətə getməsi ailə büdcəsinə orta hesabla 700 manata başa gələ bilər.
Əvvəlcə nəqliyyat xərclərini qeyd edək. Bakıdan Qusara şəxsi avtomobillə getmək, orada turistik məkanları avtomobil ilə gəzmək və geri dönmək üçün təqribən 500-550 kilometr məsafə qət edilməlidir. Əgər avtomobil 100 kilometrə orta hesabla 9 litr yanacaq sərf edirsə və benzinin 1 litri 1 manatdırsa, yol xərci, gediş-gəliş üçün 45-50 manat olacaq. Avtobusla getmək isəhər iki istiqamət üzrə dörd nəfərlik ailəyə 60-80 manata başa gəlir.
Qusarda qalmaq üçün otellər və kirayə evlər arasında qiymətlər fərqlidir. Sadə şəraitli günlük kirayə evlər üçün 50-70 manat arası qiymətlər var. Üç gün üçün bu 150-210 manat təşkil edir. Daha komfortlu otellərdə isə bu xərclər 300-450 manata qədər yüksələ bilər.
Qida xərcləri də ümumi xərclər arasında mühüm yer tutur. Əgər ailə gün ərzində səhər yeməyini özləri hazırlasa və günün digər yeməklərini yerli restoran və ya kafelərdə yesə, gündəlik xərcləri təxminən 60-80 manat arası olacaq. Üç gün ərzində bu xərclər 180-240 manat ola bilər.
Əyləncə və gəzinti xərclərinə gəldikdə, Qusar ərazisindəki turistik yerlərə – Şahdağ turizm kompleksi, Laza şəlaləsi, dağ kəndlərinə səfərlər və s. ailə başına 60-100 manat arası əlavə xərc tələb edə bilər. Bu qiymətə məkanlara giriş biletləri və digər xidmətlər daxil ola bilər.
Əlavə olaraq bəzi xırda xərclər – qəlyanaltılar, su, yol boyu alış-veriş və suvenirlər üçün 30-50 manat əlavə xərclər nəzərdə tutulmalıdır.
Beləliklə, 4 nəfərlik ailə öz avtomobili ilə Qusara gedib orada günlük kirayə evdə qalsa, orta hesabla 465-650 manat xərcləmiş olacaq. Əgər ailə öz avtomobili ilə səfər edib orada oteldə qalsa, 3 günlük xərcləri orta hesabla 615-890 manat təşkil edəcək.
Onu da bildirək ki, bu rəqəmlər seçilən nəqliyyat növündən, qalınacaq yerin komfort səviyyəsindən və ailənin xərcləmə vərdişindən asılı olaraq dəyişə bilər. Əgər ailə daha qənaətli seçimlər etsə, bu məbləği 500 manata yaxın saxlamaq mümkündür. Lakin rahatlıq və geniş əyləncə imkanları üçün büdcə 900 manatı da keçə bilər.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top