
Baş nazirin sabiq birinci müavini (1992-2006-cı illər) Abbas Abbasovun Rusiyada fəaliyyət göstərən şirkəti ötən ili 9 milyon 998 min rubl (127,5 min dollar) xalis zərərlə başa vurub.
Yeniavaz.com xəbər verir ki, Abbas Abbasov 2021-ci ilin iyul ayında Rusiyada “Fermerskoe Xozayaistvo Timoxino” (ООО “ФЕРМЕРСКОЕ ХОЗЯЙСТВО ТИМОХИНО” – ИНН: 5011036696) adlı şirkətin 10 faizlik payını satın alaraq, 3 təsisçidən biri olub.
“Fermerskoe Xozayaistvo Timoxino” şirkətinin digər təsisçiləri – Abbas Abbasovun biznes ortaqları, Rusiya vətəndaşları Vladimir Kozyulin (65%-lik pay) və Teymuraz Xixinaşvilidir (25%-lik pay).
Qeyd edək ki, “Fermerskoe Xozayaistvo Timoxino” şirkəti 9 may 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkət Moskva vilayəti, Yeqoryevsk şəhəri, Timoxino kəndi, bina 100 ünvanında fəaliyyət göstərir.
Şirkətin fəaliyyət sahəsinə ət və ət məhsullarının istehsalı daxildir.
Məlumat üçün bildirək ki, 2023-cü illə müqayisədə ötən il şirkətin ümumi gəlirləri 44,3% və ya 9,3 milyon rubl artsa da, xalis zərəri də 45% və ya 3,1 milyon rubl artaraq 10 milyon rubl olub.
Elnur Əli