Son sutkada Qəzzada 19-u aclıqdan olmaqla 115 nəfər ölüb


Son 24 saatda Qəzzada ən azı 115 fələstinli ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bildirilib ki, israilli hərbçilər anklavın şimalındakı Zikim keçidində yardım gözləyən 79 nəfəri, zolağın cənubundakı Rəfah və Xan Yunisdəki yardım paylama məntəqələrində isə daha 13 nəfəri öldürüblər.
“Qəzzanın səhiyyə orqanları son sutka ərzində 19 nəfərin aclıqdan öldüyünü açıqlayıb”, - telekanalın məlumatında deyilir.
Qeyd edək ki, 2025-ci il martın 2-dən Qəzza zolağına heç bir beynəlxalq humanitar yardım daxil olmayıb, İsrailin qərarı ilə bütün keçidlər bağlı qalıb və qida paylanması İsrail tərəfindən idarə olunan Qəzza Humanitar Fondunun (GHF) məntəqələri vasitəsilə həyata keçirilir.
BMT və insan haqları qrupları GHF obyektlərini “insan qəssabxanaları” və “ölüm tələləri” adlandırırlar. Beynəlxalq təşkilatların məlumatına görə, may ayının sonundan etibarən Qəzzada humanitar yardıma çatmaq istəyərkən 900-ə yaxın insan həyatını itirib.
Xatırladaq ki, mayın 18-də İsrail ordusu “Gideonun arabaları” adlı genişmiqyaslı quru əməliyyatı çərçivəsində Qəzza zolağının şimal və cənub bölgələrində hərbi əməliyyatlara başladığını elan edib. Bildirilib ki, məqsəd Fələstinin HƏMAS radikal qruplaşmasının birdəfəlik məğlubiyyətə uğradılması və anklavda saxlanılan bütün israilli girovların azad edilməsidir. İsrailin Baş naziri Benyamin Netanyahu zolağın bütün ərazisini nəzarətə götürmək planlarının olduğunu açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top