Ailə institutu – Qazandıqlarımız və itirdiklərimiz


Hər xalqın özünəməxsus keyfiyyətləri, fərqli tərəfləri özünü ən çox ailə-məişət münasibətlərində göstərir. Kim nə deyir-desin, bir avropalını bir azərbaycanlıdan fərqləndirən ən böyük cəhət onların həyata baxışı və ailə münasibətləri anlayışıdır. Bir avropalı üçün ailə komfort həyat, isti bir yuva deməkdirsə, bir azərbaycanlı üçün fədakarlıq, qarşılıqlı ehtiram, məsuliyyət hissi deməkdir.
Son illərdə dünyada ailə institutunun nəzərəçarpacaq dərəcədə zəifləməsi müşahidə olunmaqdadır. Bəzi Avropa ölkələrində boşanmaların sayı 50 faizə yaxındır. Bəzi ölkələrdə isə insanlar rəsmi nikaha girmədən uzun illər bir arada yaşayırlar. Münasibətləri rəsmiləşdirmək üçün sanki cəsarətləri çatmır. Çünki ailə həm də məsuliyyət deməkdir.
Tarixən Azərbaycan ailəsini səciyyələndirən ən mühüm amil fədakarlıqdır. Doğrudur, son dövrlərdə bizdə də dünya ilə ayaqlaşma meyilləri müşahidə olunmaqdadır. Elə ailə müəssisəsinin möhkəmliyi mövzusunda mövcud statistika da bizim bu sahədə Avropaya doğru addımladığımızı göstərir. Bu isə bu sahədə ciddi tədbirlər görmək vaxtının çoxdan çatdığını göstərir.
Ailə bütün mənəvi gözəllikləri, şirin duyğuları ilə yanaşı, iki nəfər arasında bağlanan rəsmi aktdır. Sevgi, qarşılıqlı anlaşma, tərəflərin bir-birini başa düşməsi, əlbəttə, gözəldir və ailənin sona qədər davam edə bilməsi üçün ən mühüm amillərdir. Ancaq sevgi, səmimiyyət nə qədər yüksək olursa-olsun, tərəflər bir-birilərinə nə qədər inanırsa-inansın, rəsmi prosedur, daha doğrusu, nikah çox mühüm faktdır.
Son illərdə boşanmaların artması müxtəlif səbəblərlə izah olunur. Bu səbəblər arasında sosial problemlər də var, gənc nəslin Avropa ilə ayaqlaşmaq cəhdləri də, yad müdaxilələr də var, gərəksiz söz-söhbətlər də… Ancaq bu səbəblər arasında ən mühümlərindən biri də var ki, gənclərimiz bu barədə kifayət qədər düşünmürlər. Belə ki, ailə həm də şəriklikdir, ortaqlıqdır, eyni yükü, eyni qayğını bölüşməkdir, paylaşmaqdır və nəhayət, bütün bunlar üçün qarşılıqlı öhdəlik götürməkdir.
Əgər eşitmisinizsə, əvvəllər nikah kəsiləndə tərəflər öhdəlik götürürdülər: xoş gündə, dar gündə, varlıqda, yoxluqda, sağlamlıqda, xəstəlikdə bir-birini tərk etməməyi, bir-birinin köməyində durmağı vəd edirdilər. İşin əsas nöqtəsi məhz bu öhdəliklərin götürülməsindədir. Ailə qurmağa hazırlaşan gənclər bir-birilərini nə qədər çox sevsələr də, bu məsələni şahidlərin hüzurunda açıq-aydın ifadə etməlidirlər. Qadının öz hüquqları, öz vəzifələri olduğu kimi, kişinin də öz hüquqları, öz vəzifələri var. Tərəflər bütün hallarda bir-birilərinə dəstək olmalı, eləcə də, qadın qadın borcunu, kişi isə kişi borcunu yerinə yetirməlidir.
Dinimizə görə, hər qadın kişiyə Allahın əmanətidir. Əmanətlə borcun arasındakı fərq nədir, bilirsinizmi? Borc odur ki, onu başqa bir şeylə əvəz edə və ya onu başqa bir şeylə ödəyə bilərsən. Əmanətdə isə nə onu başqa bir şeylə əvəz etmək, nə də onu başqa bir şeylə ödəmək mümkündür. Əgər Allah o qadını o kişiyə əmanət olaraq veribsə, deməli, o əmanətin hesabını mütləq soruşacaq. Buna görə də, əgər kişi öz qadınına Allahın əmanəti kimi baxsa, ona qarşı hər hansı bir davranışına görə Allah qarşısında hesab verəcəyini düşünsə, bu qədər narazılıqlar, bu qədər incikliklər və nəhayət, bu qədər boşanmalar qeydə alınmaz. Təbii ki, eyni tələbi qadınların da qarşısında qoymaq mümkündür.
Gənc ailələrdə narazılıqların meydana çıxmasının əsas səbəblərindən biri də sosial problemlərdir. Evliliyin ilk aylarında bu məsələ o qədər də qabarıq görünmür. Əgər qabarıq görünsə belə, tərəflər hər şeyi açıb-ağartmağa, şişirtməyə can atmırlar. Növbəti illərdə isə hər şey yolunda getmirsə, artıq ən kiçik məsələ belə böyük problem kimi ailənin qarşısında dayanır. Statistika göstərir ki, nikahlar daha çox ilk üç il ərzində riskli olur. Bu mərhələni keçən ailələrin əksəriyyəti isə uzunömürlü olur.
Gənclər arasında ən böyük səhvlərdən biri də nikahdan əvvəl hər şeyi öz aralarında danışmamaları və həll etməmələridir. Buna səbəb isə təbii ki, tərəflərin bir-birilərinin sevgisinə arxalanmalarıdır. Bəlkə də, harada və necə yaşamaq barədə belə danışmırlar və az qala hər şeyi illüziya şəklində görürlər. Reallıqlar meydana çıxanda isə sevginin o qədər də vazkeçilməz olmadığını anlayırlar.
Məhkəmələrdə boşanma səbəbləri kimi göstərilən əsas cavablardan biri də budur: “Xasiyyətimiz tutmadı”. Daha doğrusu, boşananlar hər şeyi açıb-tökmədən işi bu şəkildə yola verməyə çalışırlar. Xasiyyətin tutmaması üçün isə tərəflər bir-birilərini əvvəlcədən yaxşı tanımalıdırlar. Dinimiz məhz bu məqama ciddi əhəmiyyət verir. Peyğəmbərimiz (s.ə.s.) evlənmək istəyən oğlanı nəzərdə tutduğu qızla görüşməyə, danışmağa, onu yaxından tanımağa istiqamətləndirir. Ailə o qədər ciddi bir müəssisədir ki, onun təkcə kiminsə məsləhət görməsi və ya kiminsə təklif etməsi ilə qurmaq olmaz. Çünki bütün hallarda məsuliyyət tərəflərin boynuna düşür. Ona görə də, evlənən qız və ya oğlan qarşı tərəfi yaxşı öyrənməli, tanımalı və əmin olduqdan sonra qərar verməlidir. Bir sözlə, biz əsasən o məsələnin üzərində dayanmaq istəyirik ki, ailə məsələsində məsuliyyət, ilk növbədə, evlənənlərin boynuna düşür və ona görə də, onlar başqalarının məsləhətlərini qəbul etsələr belə, özləri tanımadan, bilmədən nikah masasına əyləşməməlidirlər.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top