İran və “Avropa üçlüyü” nüvə danışıqlarını bərpa edir – Yer və tarix məlum oldu


İran Fransa, Almaniya və Böyük Britaniya ilə İslam Respublikasının nüvə proqramı üzrə danışıqları bərpa etmək barədə razılığa gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Tasnim” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, danışıqların prinsipi artıq razılaşdırılıb.
Digər tərəfdən, danışıqların keçiriləcəyi yer və tarix də məlum olub. Belə ki, “Sky News”telekanalı mənbələrə istinadla danışıqların iyulun 27-də Cenevrədə keçiriləcəyini bildirib.
Qeyd edək ki, daha əvvəl “Axios” portalı mənbələrə istinadla xəbər vermişdi ki, ABŞ, Böyük Britaniya, Almaniya və Fransa İranla nüvə sazişinin bağlanması üçün son tarix kimi 2025-ci ilin avqust ayının sonunu təyin etmək barədə razılığa gəliblər.
Əks halda, “AB üçlüyü” 2015-ci il razılaşmaları əsasında Tehrana qarşı qaldırılan BMT Təhlükəsizlik Şurasının sanksiyalarını yeniləyəcək “snapback” mexanizmini işə salmağı planlaşdırır.
Belə ki, 2015-ci ildə İran, Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ və Fransa Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) imzalayıb və 2002-ci ildə Qərbin Tehranın nüvə silahı hazırlaması ilə bağlı ittihamları ilə başlayan böhrana son qoyub. Lakin 2018-ci ildə ABŞ Prezidenti Donald Tramp sazişdən çıxdığını elan edib və Amerikanın İrana qarşı bütün sanksiyalarını bərpa edib. Buna cavab olaraq, 2020-ci ildə İran JCPOA üzrə öhdəliklərinin azaldığını və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərinin ölkənin nüvə obyektlərinə çıxışını məhdudlaşdırdığını elan edib. 2025-ci ildə İran-ABŞ nüvə dosyesi danışıqlarının beş raundu İsrailin İrana qarşı hərbi əməliyyata başlaması və ABŞ-nin İranın nüvə obyektlərinə hərbi zərbələr endirməsi ilə əlaqədar nəticəsiz başa çatıb.

DİGƏR XƏBƏRLƏR

Top