
Ukrayna nümayəndə heyəti Rusiya tərəfinə gələn həftə danışıqların yeni raundunu keçirməyi təklif edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yayımlanan videomüraciətində məlumat verib.
Onun sözlərinə görə, müvafiq təklifi İstanbulda keçirilən danışıqlarda Kiyev nümayəndə heyətinin rəhbəri, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTŞ) katibi Rustem Umerov səsləndirib.
“Umerov bildirib ki, o, Rusiya tərəfinə növbəti görüşü gələn həftə keçirməyi təklif edib”, - Zelenski bildirib.
Onun sözlərinə görə, danışıqların dinamikası artırılmalı, xüsusilə atəşkəsə nail olmaq üçün hər şey edilməlidir.
"Əsirlərin mübadiləsi, uşaqların qaytarılması, qətllərin dayandırılması və sülhün təmin edilməsi üçün bizə liderlər səviyyəsində görüş lazımdır. Ukrayna tərəfi belə görüşə hazırdır", - Ukrayna Prezidenti bildirib.
O, həmçinin bildirib ki, Rusiya ilə İstanbulda keçirilən son görüşün razılaşmaları həyata keçirilir və hazırda Ukrayna komandası Rusiya ilə daha bir mübadilə üzərində işləyir.